Şəki şəhərində yaşayan Solmaz Qasımovanın üç qızı, bir oğlu var. 70 yaşlı ananın sözlərinə görə, övladları müxtəlif xəstəliklərdən əziyyət çəkir və işləyə bilmirlər.
Modern.az xəbər verir ki, acınacaqlı vəziyyətdə yaşayan Qasımovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumdan kömək istəyib.
Solmaz Qasımova ailənin yeganə gəlir mənbəyinin aldığı pensiya olduğunu, lakin bunun gündəlik ehtiyacları qarşılamağa yetmədiyini deyir:
"Həyat yoldaşım vəfat edib. Beş övladım var idi, biri dünyasını dəyişib. Heç kim işləmir, pensiya alıram, o da çatmır. Özüm də xəstəyəm. Yoldan dəmir yığıb sataraq ailəni dolandırmağa çalışıram".
S.Qasımovanın qızı Nigar Tağıyeva da sağlamlıq problemlərindən əziyyət çəkdiyini bildirib:
"Üçüncü qrup əliləm, onkoloji və sinir xəstəsiyəm, ürək problemlərim var. İki-üç saatdan bir halsızlaşıb yıxılıram. Evdəkilər olmasa, köməksiz qalıb ölərəm".
O, yaşadıqları evin şəraitsiz olduğunu da vurğulayıb:
"Evimiz çox bərbad gündədir. Yağış çöldən çox evin içinə yağır. Yayda otaqlardan iki dəfə ilan çıxıb, özüm öldürmüşəm. Siçanlar, kərtənkələlər, danadişi, qırxayaqlar evdən əskik olmur. Bu yaşamaq deyil. Çöldəki itlər bizdən yaxşı yaşayırlar".
Ailənin vəziyyəti ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda yerləşən yaşayış evi tikinti normalarına uyğun inşa olunmayıb, uzun müddət təmirsiz qaldığından yararsız vəziyyətə düşüb:
"Vətəndaşların mülkiyyətində olan fərdi yaşayış evlərinin təmiri və ya tikintisi üçün şəhər icra hakimiyyətlərinə vəsait ayrılmır. Vətəndaş maddi durumunun yaxşılaşdırılması ilə bağlı icra hakimiyyətinə rəsmi müraciət edərsə, məsələyə müvafiq komissiya tərəfindən baxılaraq maddi kömək göstərilə bilər".
Qurumdan o da qeyd edilib ki, ailənin yanacaq üçün odunla təminatı məqsədilə 7 saylı Regional Meşə Təsərrüfatı Müəssisəsinə müraciət olunub. (Mənbə:Baku TV)