Ötən gün "İdrak" liseyində şagird müəllimini güllələyib. 10-cu sinif şagirdi 29 yaşlı müəlliməsinə ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirib.
Modern.az məsələnin hüquqi tərəfi ilə bağlı araşdırma aparıb.
Saytımıza açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının vəkili İsmayılova Xavər Bəxtiyar qızı bildirib ki, təqsirləndirilən şəxsin əməlində 2 cinayət əməli var: şəxsə xasarət yetirmə və qanunsuz olaraq silah saxlama və daşıma.
“ İlk növbədə onu deyək ki, şəxsin əməli işin hallarından, toplanmış sübutlardan, ekspert rəylərindən və şahid ifadələrindən asılı olaraq 120 və ya 126, 127, eləcə də 228-ci maddələri üzrə töfsif ediləcək. Burada əsas olaraq toplanmış sübutlar əsasında qiymət veriləcək. Əsas amil kimi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin niyyəti nəzərə alınacaq. Niyyət zərərçəkmiş şəxsi öldürmək olmuşdursa və zərərçəkmiş şəxs aldığı xəsarətlərin nəticəsindən vəfat edərsə, bu zaman onun əməli Cinayət Məcəlləsinin 120.1- ci maddəsinin təsiri altına düşəcək. Zərərçəkmiş şəxs sağ qaldığı təqdirdə, bu zaman təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.1- ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) töfsif ediləcək.
Əgər təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi sadəcə qorxutmaq olmuşsa. bu zaman zərərçəkmiş şəxsə yetirilən xəsarətin dərəcəsindən və ekspert rəyindən asılı olaraq, təqsirləndirilən şəxsin əməli CM-nin 126 (ağır xəsarət yetirmə) və ya 127-ci( az ağır zərər vurma)maddələri ilə töfsif ediləcək. CM-nin 126 və ya 127-ci maddəsinin verilməsi isə iş üzrə keçiriləcək eksprt rəylərindən asılı olaraq qiymətləndiriləcək.
Təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah əldə edərək, daşıması da cinayət hesab edilir ki, bu əməl də Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə töfsif ediləcək”.
Vəkil əlavə edib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından Cinayət Məcəlləsinin müvafiq maddələri ilə hökm verilərkən bu zaman həmin maddələrin sanksiyalarında nəzərdə tutulan cəzanın yarısından çox verilə bilməz:
“Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, gələcəkdə zərərçəkmiş şəxslə barışıq əldə etməsi işin yüngülləşdirilən halları kimi nəzərə alınacaq və cəza təyinində mühüm əhəmiyyət kəsb edəcək.
Yəni təqsirləndirilən şəxsin əməli hazırkı halda – AR CM-nin 29, 120.1,228.1- ci maddələri ilə töfsif ediləcək. Cəza təyin edərkən CM-nin 29,120.1- ci maddəsi ilə 7 ildən artıq, 228.1- ci maddəsi ilə 1 il 6 aydan artıq cəza verilə bilməz.Məhkəmə cəza təyin edərkən AR CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bu halda təqsirləndirilən şəxsi ümumilikdə aşağı həddi 7 il 6 aydan başlamaqla yuxarı həddi 9 ildən artıq olmayam müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər. Əgər əməl CM_nin 29,120- ci maddələri ilə deyil, digər maddələrlə AR CM-nin 126 və ya 127 – ci maddələri ilə töfsif edildiyi təqdirdə də isə təqdirləndirilən şəxsə veriləcək cəza 7 ildən də aşağı həddə verilməsi mümkün olacaqdır.