Azərbaycanın müdafiə sənyesi şirkətləri zərbə və xüsusi təyinatlı pilotsuz uçuş aparatlarından ibarət məhsullarını təqdim ediblər.
Modern.az xəbər verir ki, təqdimat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən World Defense Show sərgisində baş tutub.
Təqdim edilən dronlar aşağıdakılar olub:
RD Smart şirkətinin ən önəmli istehsallarından biri "QARTAL" zərbə dronu və onun kəşfiyyat versiyası olan "QARTAL-M" təqdim edilib.
"QARTAL" zərbə konfiqurasiyasında ümumi çəkisi 3 kiloqrama qədər olan iki döyüş sursatı daşıya bilir. Dronun döyüş radiusu 15 kilometrə qədərdir. Maksimal uçuş sürəti saatda 70 km, işçi hündürlüyü isə 800 metrdir. QARTAL-ın uçuşa qalxma çəkisi 13 kq, maksimal faydalı yükqaldırma qabiliyyəti isə 8 kq-dır. Uçuş müddəti tətbiq rejimindən asılı olaraq 30-40 dəqiqə təşkil edir.

Dron -40-dan +60 dərəcəyədək geniş temperatur diapazonunda fəaliyyət göstərə bilir. Onun optik-elektron stansiyası gündüz və termal görüntü kanallarına malikdir və 10 qat böyütmə imkanını təmin edir.
Kəşfiyyat versiyası olan "QARTAL-M" isə daha geniş imkanlara malikdir. Bu modelin uçuş məsafəsi 30 kilometrədək artırılıb, havada qalma müddəti isə 80 dəqiqəyə çatır. Dronun çəkisi 12 kq-dır. Təkmilləşdirilmiş kamera 40 qat böyütmə təmin edir, maksimal sürət saatda 100 km-ə, işçi hündürlük isə 2 kilometrə qədər yüksəlib.
Bununla yanaşı, RD Smart yüngül zərbə PUA-ları sırasında "QUZĞUN" modelini də təqdim edib. Bu dron kütləsi 1 kq olan C4 partlayıcısına əsaslanan döyüş başlığı ilə təchiz edilib və əsasən sahə üzrə hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Döyüş başlığı korpusun alt hissəsində yerləşdirilib.
"QUZĞUN" dronunun uçuş məsafəsi 15 km-ə qədərdir, avtonom uçuş müddəti isə 34 dəqiqə təşkil edir. Maksimal sürət saatda 90 km-dir. Dron gündüz və termal rejimlərə malik kamera ilə təchiz olunub.
Həmçinin birbaşa zərbələr üçün nəzərdə tutulmuş "QUZĞUN-Z" versiyası da nümayiş etdirilib. Bu model müxtəlif tip döyüş başlıqları ilə təchiz oluna bilir.
RD Smart eyni zamanda "QIRGHI-S" modelini də təqdim edib. Bu dronun uçuş məsafəsi 10 km-ə qədərdir, C4 partlayıcısı ilə təchiz olunmuş döyüş başlığının çəkisi 1,4 kq-dan artıqdır, maksimal sürəti isə saatda 90 km-ə çatır.
"Azshield Defence" şirkətinin təqdim etdiyi dronlar
Şirkət 7, 10 və 15 düymlük çərçivələr üzərində qurulmuş "Batur" dronlarını nümayiş etdirib.
Pilotsuz uçuş aparatları həm radiokanallarla idarəetmə, həm də optik lif (fiber-optik) rabitə sistemləri vasitəsilə istifadə oluna bilir. Döyüş başlıqlarının çəkisi 1,3 kiloqramdan 5 kiloqrama qədər dəyişir. Tətbiq məsafəsi isə 10–15 kilometr aralığındadır.

Bununla yanaşı, 5 və 7 düymlük çərçivələr üzərində qurulmuş "BARS" adlı yüksək sürətli, yüksək hündürlüklü interseptor dronlar seriyası da təqdim edilib. Bu dronlar 2-3 kilometr yüksəklikdə fəaliyyət göstərə bilir və çəkisi 300-400 qram arasında dəyişən döyüş başlığı daşıyır. Belə dronların maksimal sürəti təxminən saatda 300 kilometr təşkil edir.
Qeyd edək ki, hələ 2024-cü ildə Azərbaycan hərbçiləri müxtəlif tipli pilotsuz uçuş aparatları sınaqlara başlayıblar.