Fevralın 10-da ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edib. Azərbaycan Prezidenti ilə Vens arasında görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Xartiyda tərəflər arasındakı siyasi münasibətlərin daha da dərinləşdirilməsi təsbit olunub. Bununla yanaşı, Xartiyada iqtisadi-regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit, iqtisadi sərmayələr, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq məsələləri də yer alır.
Vensin səfərinin siyasi baxımdan nələr vəd etməsi də maraqlı məsələdir.
Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, ABŞ kimi dövlətin Vitse-prezidentinin səfəri Azərbaycan üçün böyük imicdir:
"Bu həm də Azərbaycan-ABŞ əməkdaşlığının rəsmiləşdirilməsi baxımından önəmli hadisədir. Münasibətləri yüksək səviyyədə qurmaq hər ölkəyə nəsib olmur. Xüsusən də bizim kimi kiçik dövlətlərin bu cür öz hədəflərinə çatmaq üçün dünya güclərinin dəstəyini alması baxımından önəmlidir".

F.Mustafa qeyd edib ki, bu səfər həm də bölgənin təhlükəsizliyi baxımından da vacibdir:
"Çünki bölgədə təhlükəsizlik problemi həqiqətən də risk altındadır. Çünki bu gün bölgədə olan bəzi dövlətlərin müharibə çağırışları və addımları hər bir dövlət üçün təhdidə çevrilir. Buna görə də, münasibətlərin normallaşması baxımından belə səfərlərin və əlaqələrin olması mütləq şəkildə çox vacib nəticə doğuracaq".
Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə vurğulayıb ki, Ceyms Devid Vensin səfərinin Azərbaycan üçün əhəmiyyəti Ermənistanla müqayisədə daha çoxdur:
“ABŞ Vitse-prezidentinin bölgəyə - Azərbaycana və Ermənistana səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün səfərin əhəmiyyəti Ermənistanla müqayisədə daha çoxdur. Çünki onsuz da ABŞ hökuməti, senatorları, ayrı-ayrı qurumları, beynəlxalq təşkilatlar Ermənistanın yanında olub. Burada həm erməni lobbisinin xidmətləri olub, həm də Ermənistan bu bölgədə xristian dünyasının təmsilçisi kimi çıxış edir. Azərbaycana qarşı ayrı-seçkilik olub. 1992-ci ildə Ermənistanın Azərbaycanı işğal etməsinə baxmayaraq, 907-ci düzəliş qəbul edilib. Nəhayət, 44 günlük Vətən müharibəsində Ermənistan və onun arxasında duran məkrli qüvvələr üzərində qalib gəldik. Eyni zamanda, Azərbayanın bu bölgədə lider və daha çox maraq kəsb edən dövlət olduğunu göstərdik. Müharibəni bitiməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini də Azərbaycan özü yerinə yetirmiş oldu. Azərbaycan sübut etdi ki, regionda əməkdaşlıq üçün ilk növbədə onunla əlaqələr qurulmalıdır. Ona görə də, ABŞ Vitse-prezidenti Vensin səfərinin əhəmiyyəti həddindən artıq çoxdur".

E.Musayev indiyə kimi regionun Rusiyanın təsirində olduğunu qeyd edib:
"Rusiya istənilən hoqqabazlıqdan çıxırdı. Biz Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin paraflanmasına nail olduq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına qarantiya verən ölkə də ABŞ oldu. Təbii ki, ABŞ-nin və Rusiyanın maraqları var və rəqabət aparırlar. Rusiyanın da işğalçılıq siyasətini görmüşük. Azərbaycanın başına gələn fəlakətlərdə Rusiyanın daim rolu olub. İndiki halda ABŞ təbii ki, öz maraqlarından çıxış edir. Azərbaycan üçün bunun əhəmiyyəti ondan ibarətdir ki, bir çox sahələrdə ABŞ ilə strateji tərəfdaşlıq həyata keçirir. Bu, Azərbaycanın həm iqtisadi, həm siyasi gücünü, potensialını daha da artırmağa xidmət edəcək. ABŞ dünyanın süper gücüdür, baş verən bütün proseslərə bu və ya digər şəkildə müdaxilə edir. Belə bir süper güclə əməkdaşlıq etmək bütün mənalarda Azərbaycanın maraqlarına uyğundur. Mən cənab Prezidentin apardığı bu siyasəti yüksək qiymətləndirirəm".
Ümid Partiyasının sədri İqbal Ağazadə söyləyib ki, ABŞ regionda özünün yeni rolunda çıxış edir:
"Gələcək üçün bunun nə qədər pozitiv və önəmli olacağını indidən proqnozlaşdırmaq çətindir. Bunu demək mümkündür ki, Rusiyanın olmadığı yerlər, adətən, təhlükəsiz coğrafiya hesab olunur. Rusiyanın olduğu yerlərdə isə hər zaman gərginlik, müharibə, etnik, milli separatizm meyilləri özünü göstərir. Cənubi Qafqaz Rusiyanın nəzarətindən çıxacaqsa, bu gələcəkdə müharibəsiz, sülh şəraitində yaşayan qonşuluq siyasəti çərçivəsində bir-birilə xoş əlaqələrdə olan Qafqaz respublikaları demək olacaq. ABŞ-nin Azərbaycan, o cümlədən Ermənistanla bağladığı müqavilələr xüsusi xətt əsasında həyata keçirilir. O cümlədən Orta Dəhliz layihəsinin dünya, xüsusilə də ABŞ üçün priroritet olduğunu nəzərə alsaq, bu yeni əlaqələrdən daha pozitiv şeylər gözləyə bilərik".

Partiya sədri əlavə edib ki, Cənubi Qafqazda baş verən proseslərə ABŞ-nin diqqət ayırması dünya dövlətlərini də bu bölgəyə ehtiyatlı yanaşmağa məcbur edəcək:
"Bunun özünə də bir qədər pozitiv baxmaq lazımdır".