Dövlət Təhlükəsizlik Xidməti ötən gün (DTX) “Ramiz Mehdiyev işi” ilə bağlı məlumat yayıb. Məlumatda Ramiz Mehdiyevin baş nazirini sabiq 1-ci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli və s. şəxslərlə işbirliyi çərçivəsində hakimiyyətin zorla ələ keçirilməsinə, eləcə də dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərindən bəhs olunub. Bundan əlavə, Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə əlaqəli şəxslərlə səs yazıları da yayılıb.
Prezident Administrasiyasının sabiq rəhbəri barəsində oktyabrın 14-də seçilmiş ev dustaqlığı qətimkan tədbiri bir neçə gün əvvəl yenidən uzadılıb.
İş üzrə araşdırmaların başlanmasından artıq 4 ay keçir. Bu müddətdə açıqlanan materiallar və istintaqın gedişi ətrafında müzakirələrin davam etməsi fonunda, prosesin növbəti mərhələsi və mümkün hüquqi nəticələr də öz növbəsində diqqət çəkir.
Modern.az-a açıqlamasında hüquqşünas Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır və bu norma Konstitusiya ilə təsbit olunub.
“Ramiz Mehdiyevlə bağlı yayılan məlumatlarda isə onun Azərbaycanın konstitusion quruluşunun və idarəetmə formasının dəyişdirilməsi ilə bağlı xarici ölkələrin siyasi elitasına və xüsusi xidmət orqanlarına müəyyən təkliflər hazırlayıb göndərdiyi qeyd edilib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və təbii ki, cəzalandırılmalı hallardan biridir”.
Hüquqşünas diqqətə çatdırıb ki, Ramiz Mehdiyevin əməlləri bitmiş bir cinayətdir:
“Ona görə də haqlı olaraq təhlükəsizlik orqanları tərəfindən Ramiz Mehdiyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması) və 274-cü maddəsi (dövlətə xəyanət), evindən çıxan 17 milyon manatdan artıq vəsaitin qeyri-qanuni yollarla əldə olunması və leqallaşdırılmasına dair isə 193-1.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bütün hallarda ölkənin siyasi elitasında yüksək zirvədə dayanan bir şəxsin evindən bu qədər külli miqdarda vəsaitin çıxması təbii ki, həm hiddət doğurub, həm də ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub. Necə qazanıb? Harada qazanıb? Niyə vaxtında qarşısı alınmayıb? və s. kimi suallar da mövcuddur.
Cəmiyyətdə səslənən əsas suallardan biri də budur ki, niyə Dövlət Təhlükəsizlik Xidməti bu məlumatları 4 ay sonra ictimaiyyətə açıqlayıb? Çünki bu kimi dövlətə xəyanət və hakimiyyətin zorla dəyişdirilməsi ilə bağlı verilmiş ittiham özü ilə bərabər çoxsaylı faktların da araşdırılmasını tələb edir. Heç şübhəsiz ki, Dövlət Təhlükəsizlik Xidmətinin istintaq qrupu ilkin verilən ittihamlar bazası əsasında çoxsaylı məlumatların əldə olunması, izləmə və s. kimi hərəkətləri həyata keçirib. Bu baxımdan mən hesab edirəm ki, 4 aydan sonra açıqlamanın verilməsi sırf istintaqın gedişi ilə bağlı məsələdir və qəribə heç bir hal yoxdur. 4 ay ərzində çoxsaylı istintaq hərəkətləri aparılıb və yeni açılan hallar da mövcuddur”.

Hüquqşünas həmçinin vurğulayıb ki, Ramiz Mehdiyevin Rusiyadan olan xüsusi xidmət orqanı ilə əlaqəli şəxslə danışması, Azərbaycan dilini bilən şəxslə informasiyaların kənara ötürülməsi onu göstərir ki, istintaq hərəkətləri bir neçə ay, bəlkə də aylarla davam edəcəkdir:
“Yeni meydana çıxan faktlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçiriləcək və şübhəsiz ki, bu istintaqın sonu da olacaqdır.
Burada görünən bir məsələ də var: xüsusi xidmət orqanı əvvəlki illərdəki kimi hansısa sahibkarlar arasında dava, torpaq söhbəti və ya iş adamlarına qarşı səlib yürüşünü araşdırmaqla məşğul deyil. Hazırkı DTX dövlətimizin və xalqımızın milli təhlükəsizliyinə qarşı olan qəsdlərin qarşısının alınması ilə məşğuldurlar. Cəmiyyətdə daha çox yayılan cinayətlər – narkotiklərin yayılması və xaricdən ölkəyə gətirilən narkotik vasitələrlə bağlı digər hüquq-mühafizə orqanları ilə birgə, insanları narahat edən və eyni zamanda dövlətimizin hakimiyyətinə təhdid olan halların qarşısının alınması istiqamətində çox uğurlu işlər aparırlar”.
Ç.Qənizadə onu da əlavə edib ki, bu kimi cinayətlərin xüsusilə ağır hesab olunmasının səbəbi ondan ibarətdir ki, onların törədilməsinə meyillilik Azərbaycan xalqının təhlükəsizliyinə birbaşa təhdiddir.
“Yəni hər hansı qarşıdurma olduqda, xalq dövlətin təhlükəsizliyi ilə bağlı müəyyən şübhələr içərisində yaşamağa məcbur olur.
Xalqımızın təhlükəsizliyinə təhdid olan bu əməllərə görə onlara verilən ittiham maddələri Azərbaycan qanunlarına və Konstitusiyasına qarşı yönəlmiş hərəkətlərdir. Hakimiyyəti yalnız xalqın iradəsi, habelə seçki və referendum yolu ilə dəyişmək olar. Ayrı-ayrı qruplar şəklində buna yönələn hərəkətlər isə təbii ki, qanunla qadağan edilən hərəkətlərdir və cəzalandırılmalıdır.
Ramiz Mehdiyevin timsalında belə hərəkətlər edən şəxslər bilməli idilər ki, hazırda güclü iqtisadiyyatı, ordusu və lideri olan, eyni zamanda güclü hüquq-mühafizə orqanlarına malik dövlətimizdə - istər Dövlət Təhlükəsizlik Xidməti, istər Daxili İşlər Nazirliyi, istərsə də Baş Prokurorluq tərəfindən - belə hərəkətlərin reallaşması qeyri-mümkündür. Hesab edirəm ki, bu addımları atan şəxslərin ya səhhətində ya psixologiyasında ciddi problemlər var ya da ümumiyyətlə siyasəti düzgün proqnozlaşdıra bilməyən şəxslərdir ki, nəticəsi bu gün göz önündədir. Onların bir qismi DTX-nin təcridxanasındadır, digərlərinin saxlanılması üçün isə əməliyyat-istintaq tədbirləri davam edir”, - deyə Ç.Qənizadə qeyd edib.