Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfər edib.
Modern.az xəbər verir ki, sabah ölkə başçısı konfrans çərçivəsində "Açıq Dəhliz Siyasəti? Trans-Xəzər Əməkdaşlığının Dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində iştirak edəcək.
Panel müzakirələrində prezident İlham Əliyevlə yanaşı, Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos, Çin Xalq Respublikasının Qloballaşma Mərkəzinin təsisçisi və keçmiş dövlət müşaviri Vanq Huiyao iştirak edəcək.
Tədbirin moderatoru isə Almaniyanın Xarici İşlər Nazirliyinin qlobal məsələlər üzrə səfiri, Avropa Sülh İnstitutunun prezidenti Helqa Maria Şmid olacaq.
Müzakirədə Transxəzər nəqliyyat dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti, Avrasiya məkanında alternativ logistika marşrutlarının rolu, eləcə də Şərq-Qərb bağlantılarında açıq dəhliz siyasətinin perspektivləri əsas müzakirə mövzuları olacaq.