13 fevral 2026-cı il tarixində İçərişəhərdə milli-mədəni irsin təbliği istiqamətində növbəti əlamətdar hadisə baş tutub.
Modern.az xəbər verir ki, uzunmüddətli fasilədən sonra “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən milli “Dastan” brendinin rəsmi sərgi-satış məkanı əsaslı bərpa və təmir işlərindən sonra yenidən istifadəyə verilib, eyni zamanda türk dünyasının ortaq mədəni irsini əks etdirən “Turan ruhu” adlı yeni kolleksiyanın təqdimatı keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Qoruq İdarəsinin rəhbərliyi, xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
“Dastan” brendinin sayca 6-cı kolleksiyası olan “Turan ruhu” layihəsi Azərbaycan və digər türk dövlətlərinin zəngin mədəni irsindən, tarixi-memarlıq abidələrindən, dekorativ-tətbiqi sənət nümunələrindən və günümüzədək qorunub saxlanılmış mənbələrdən ilhamlanaraq hazırlanıb. 9 dizayner tərəfindən ərsəyə gətirilən və 100-ə yaxın məhsulu əhatə edən kolleksiyada keramika (dekorativ boşqablar, güldanlar, çay dəsti), batika (ipək şərflər və kəlağayılar), ağacişləmə (güzgü, nərd, mücrü, fotoçərçivə, masaüstü lampa, dekorativ güldan) və zərgərlik (qolbaq, sırğa, üzüklər) istiqamətləri üzrə müxtəlif nümunələr təqdim olunur. Kolleksiya çərçivəsində məhsullar müxtəlif bədii və texniki yanaşmalar əsasında hazırlanıb və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş sədəfkəsmə, şəbəkə sənəti və kəlağayının basma texnikası tətbiq edilib. Layihənin əsas məqsədi türkdilli xalqların mədəniyyətinin təbliği, canlandırılması və gələcək nəsillərə ötürülməsidir.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Britaniyanın “Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi”nin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayında təsis edilib. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində həm yaradıcı, həm də tədris platforması kimi ölkəmizin milli incəsənət irsinin öyrənilməsi, qorunması və müasir interpretasiyası, eləcə də Azərbaycan brendinin beynəlxalq müstəvidə layiqincə təbliğ olunmasıistiqamətində ardıcıl fəaliyyət həyata keçirib. Yarandığı gündən etibarən brendin məhsulları özünəməxsus bədii həlli və yüksək estetik keyfiyyətləri ilə həm fərdi sənətsevərlərin, həm də korporativ sektorun rəsmi hədiyyə seçimlərində üstünlük verilən milli nümunələr sırasında xüsusi yer tutub.
{gallery}