Azərbaycanda fəaliyyət göstərən "Qərb F2-05" MMC-nin bir qrup işçisi əmək hüquqlarının pozulması, maaşların ödənilməməsi və qeyri-insani iş şəraiti ilə bağlı şikayət ediblər. Məsələ artıq məhkəmə müstəvisinə keçib.
Modern.az xəbər verir ki, şikayətçi Ramil Əmirovun sözlərinə görə, şirkətin icraçı rəhbəri Namiq Qasımov işçilərə aylıq 1 800 manat əməkhaqqı vəd etsə də, reallıqda onları həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə qoyub:
"Maaşın bir hissəsi "paket" şəklində vəd olunmuşdu".
Şikayətçi bildirir ki, işə qəbul zamanı əməkhaqqının yalnız 626 manatının rəsmi (kart vasitəsilə), qalan hissəsinin isə əlbəəl veriləcəyi deyilib:
"Avqustun 5-dən müqavilə ilə işə başladıq. Bizi Ağdərənin dağlarına metal yığımına aparırdılar. Səhər saat 9-dan gecə saatlarına qədər ac-susuz işləyirdik. Maaş istəyəndə isə bizi hədələdilər: "Kim şikayət etsə, pulu verilməyəcək" dedilər və hamımızı "blok"a atdılar".
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, vətəndaş Ramil Əmirovun müraciəti Abşeron-Xızı regional şöbəsində araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, işçilərin əmək hüquqlarının pozulması ilə bağlı sənədlərin vaxtında təqdim edilmədiyi məlum olub. Məsul şəxslər haqqında qanunvericiliyə uyğun tədbirlər görülüb və məsələnin məhkəməyə göndərilməsi qərara alınıb.
Qurumdan bir daha xatırladılıb ki, qanunvericiliyə əsasən işçilərin əməkhaqqı vaxtında və tam ödənilməlidir. Bu tələblərin pozulması işəgötürən üçün ciddi inzibati və hüquqi məsuliyyət yaradır.
"Qərb F2-05" MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb. (Baku TV)