Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı-ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz.
Prezident cənab İlham Əliyevin xarici ölkələrə səfərləri və səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər ölkəmizin beynəlxalq əlaqələrini daha da möhkəmləndirir, reytinqini artırır. Fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanat da məhz Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış etibarlı siyasi dialoqun, qarşılıqlı dəstəyə əsaslanan prinsipial mövqeyin və uzunmüddətli strateji planların konturlarını aydın şəkildə ortaya qoyur.
Səfər zaman Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
Dövlətimizin başçısının səfərində mühüm əhəmiyyətli sənədlər imzalanıb. Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmamış böyük potensial var. 2013-cü ildən etibarən iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir. Səfər zamanı siyasi əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran ən mühüm məsələlərin yüksək səviyyədə müzakirəsi mümkün olub. Onu da qeyd edək ki, Serbiyanın inkişaf etmiş müdafiə sənayesi infrastrukturu, silah və hərbi texnika istehsalı sahəsində təcrübəsi də Azərbaycan üçün praktik əhəmiyyət daşıyır.
Səfərin ən mühüm istiqamətlərindən biri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Orta Dəhliz kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda tranzit və enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir vaxtda, Serbiya da Balkan regionunda strateji logistika mərkəzi rolunu gücləndirməyə çalışır.
Bir sözlə, müxtəlif sahələr üzrə sənədlərin imzalanması da Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatla çıxışında ölkəmiz haqqında dediyi xoş sözlər isə hər birimizdə qürur hissi yaratdı. İki ölkə arasında ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.
Həsən Bayramov
pedaqogikia üzrə elmlər doktoru, professor