Modern.az

Sosial şəbəkələrdə söyüş söyənlər müəyyənləşdiriləcək

Sosial şəbəkələrdə söyüş söyənlər müəyyənləşdiriləcək

Aktual

17 Fevral 2026, 17:03

15 yanvar 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi Haqqında” qanuna edilən dəyişikləri təsdiqləyib.

Bu dəyişikliklərə əsasən, internet resurslarında – saytlarda və sosial şəbəkələrdə cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən və ictimai mənəviyyatı təhqir edən kontentin yayılması qadağan edilir. Məqsəd bu cür məzmunun yayılmasının qarşısını almaq, milli-mənəvi dəyərləri və etik standartları qorumaqdır.

Yeni hüquqi norma ilə internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin yayılması qadağan edilir. Bu, əxlaqsız ifadələr, buna oxşar məzmunlu jestlər, eləcə də bədən hissələrinin milli-mənəvi dəyərlərə zidd formada nümayişini əhatə edir.

Qanundan irəli gələn nəzarət və icra mexanizmlərinin nə dərəcədə işləməsi diqqət çəkən məqamdır. Sosial şəbəkələrdə davamlı müşahidə edilən normaya zidd hallar mexanizmə yönələn aktual suallar yaradır.

Norma və standartlar necə müəyyən olunmalıdır? Xüsusi monitorinq qrupunun fəaliyyətinə ehtiyac varmı?

Milli Məclisin üzvü Azər Badamov Modern.az-a bildirib ki, qanuna müvafiq olaraq buna nəzarət hüquq mühafizə orqanları tərəfindən həyata keçirilməlidir:

“Hazırda müvafiq təşkilat tərəfindən nəzarət həyata keçirilir. Aşkar olunan hər bir qanuna zidd hala qarşı dərhal tədbir görülür”.

Deputat bildirib ki, sosial şəbəkələr olduqca geniş rəqəmsal fəzadır və bu kəmiyyət çoxluğuna nəzarət etmək üçün resurs hazırlanmalıdır:

“Eyni zamanda cəmiyyət də öz funksiyasını icra etməlidir. Vətəndaş sözügedən istiqamətdə gördüyü hər bir halı məlumat verməlidir. Daxil olan müraciətlərin hamısına mütləq baxılır, xüsusilə, bu məsələyə həssas yanaşılır”.

Azər Badamov qeyd edib ki, məhz “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın Mühafizəsi Haqqında” qanunda edilmiş dəyişikliyə görə xüsusi monitorinq qrupunun yaradılması gündəlikdə hələ nəzərdə tutulmayıb. Bununla belə nəzarət və icra mexanizmi aktiv haldadır:

“Dəyişiklik yenidir. DİN-in bu qısa zamanda bütün profilləri əhatə etməsi real deyildi. Müəyyən zaman çərçivəsində bütün internet resurslarının monitorinqi mümkün olacaq. Onlayn məkanda normaya əks hal varsa və bu gün aşkar olunmayıbsa, sabah olunacaq”.

Nəyin norma olub olmamasına münasibət bildirən Azər Badamov qeyd edib ki, cəmiyyətin inkişafı ilə əlaqədar dəyişən kriteriyaları qəbul etmək lazımdır. Amma milli mentalitetimizə uyğun əxlaq normalarını pozmağa heç kəsin haqqı yoxdur.

Filologiya elmləri doktoru Nadir Məmmədli açıqlamasında qeyd edib ki, söyüş və təhqirin müəyyən olunması üçün situativ yanaşma tələb olunur:

“Dilimizdə “getmək” felinin 35 mənası var. Kontekstdən asılı olaraq başa düşülür. Burada da oxşar vəziyyətdir. Sözün hansı mənada işlənməsini təyin etmək lazımdır. Əsasən, pis mənada işlənən kəlmə yaxşı mənada vurğulana bilər. Və əksinə, əksər halda yaxşı başa düşülən söz mənfi çalarda işlənə bilər”.

Dilçinin fikrinə görə nitqin verbal tərəfini qeyri-verbal siqnallar qüvvətləndirir, təyinatını dəyişir:

“Danışan adam elə işarə edə bilər ki, sözün öz mənasını yox, üzün mimikasını həlledici saya bilərik. Kimsə Əhmədin yaxşı oğlan olduğunu dili ilə deyəndə üzünü turşutsa, kim inanacaq?”

Nadir Məmmədli qeyd edib ki, söyüş və təhqir mənası daşıyan sözləri təqdim etmək olar amma məsələnin həllinə tam kifayət etməyəcək:

“Monitorinq qrupumuz var. Amma internet resurslarında söylənənlərin təhlili üçün bizə hələ müraciət olmayıb. Məhkəmə ekspertizalarına isə gedirik. Bunu qəbul etmək lazımdır ki, deyilən sözdən və ya qeyri-verbal nitqdən şikayət varsa, deməli, insan ləyaqətinə toxunulub”, - deyə dilçi əlavə edib.

Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında bildirib ki, məsələyə köklü yanaşmaq lazımdır.

"Əgər internet resurslarında sözügedən hal və hərəkətlər və ya hərəkətsizlik qanun pozuntusu sayılırsa, biz digər resurslarda da bunun qarşısını almalıyıq. Analoji görüntülər Azərbaycan filmlərində də hətta yazılı mənbələrdə - müəyyən ədəbiyyat nümunələrimizdə da yer alır. Bu zaman  sosial şəbəkə istifadəçiləri belə bir iddia irəli sürə bilərlər ki, eyni vəziyyət Azərbaycan sadalanan resurslardan, teleməkandan da yığışdırılsın.

Yəni əsas qanunda - Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin bərabər hüquqlu olduğu qeyd olunub. Vətəndaş iddia edə bilər ki, ona tətbiq olunan qadağa digər resurslarda çıxış edənlərə da tətbiq olunsun.

Hüquqşünas hesab edib ki, əgər qanunazidd hallar daha güclü nəzarət altında fəaliyyət göstərən televiziya məkanında baş verirsə, deməli, yol verilən haldır:

"O ki qaldı, buna nəzarət və icra mexanizminə, əsas öhdəlik hüquq mühafizə orqanlarının üzərindədir. Düzdür, hansısa orqanın  kəmiyyət baxımından yetərli nəzarət və icra potensialı olmaya bilər. Bu da təbiidir. Buna görə cəmiyyət dəstək olmalıdır və bu kimi halları şikayət etməlidir. Analoji təcrübə dünya ölkələrində də yaşanır.  Çoxmilyonlu əhalisi olan xalqlarda bu kimi işlərlə məşğul olmaq üçün resurs çatışmamazlığı yaşanır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə qanunsuz və əxlaqa zidd paylaşımlara qarşı tədbirlər davam edir:

“Sosial şəbəkələrdə ictimai əxlaq normalarına zidd, cəmiyyətə mənfi təsir göstərən və qanunla yayılması qadağan olunan informasiyaların paylaşılması halları nəzarətdə saxlanılır”.

Qeyd olunub ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən mütəmadi işlər aparılır, hüquqazidd məzmun yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar:

“Belə hallara yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür".

Məlumatda bir daha vurğulanır ki, sosial şəbəkə anonimlik mühiti deyil, paylaşılan hər foto, video və ya yazı hüquqi qiymətləndirilə bilər. Qanunu pozan məzmun təkcə silinmir, məsuliyyət yaradır. İstifadəçilərə tövsiyə olunur ki, paylaşdıqları materialların məzmununa ciddi və məsuliyyətlə yanaşsınlar, qanunvericiliyin tələblərini və ictimai əxlaq normalarını pozan informasiyaların yayımından çəkinsinlər.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar