Avropa İttifaqı (Aİ) Şurası Satu Koivunu Ermənistandakı Aİ Mülki Monitorinq Missiyasının yeni rəhbəri təyin edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Satu Koivu vəzifəsinin icrasına 20 fevral 2026-cı ildə başlayacaq və Markus Ritterin yerinə keçəcək.
Satu Koivu milli və beynəlxalq səviyyələrdə 35 ildən çox təcrübəsi olan yüksək vəzifəli Finlandiya polis zabitidir. O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələrdə çalışaraq geniş beynəlxalq təcrübə qazanıb.
Bu təyinatadək o, Espooda Finlandiya Milli Polis Şurasında İnsan Resursları rəhbəri vəzifəsində çalışıb.
Avropa İttifaqı missiyasının məqsədi Ermənistan və Azərbaycan arasındakı sərhədin Ermənistan tərəfindəki vəziyyəti izləmək və hesabat verməkdir. Hazırkı missiyanın mandatı 19 fevral 2027-ci ilə qədər qüvvədədir.
Missiya 200-dən çox beynəlxalq və yerli işçidən ibarətdir. Missiyanın müşahidəçiləri və mülki mütəxəssisləri Aİ-nin 25 üzv dövlətini, eləcə də Kanadanı təmsil edirlər.