Modern.az

BMU-da yeni elmi-tədqiqat və tədris laboratoriyası açıldı - FOTOLAR

BMU-da yeni elmi-tədqiqat və tədris laboratoriyası açıldı - FOTOLAR

Aktual

19 Fevral 2026, 15:38

Bakı Mühəndislik Universitetində (BMU) Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası istifadəyə verilib. Ali təhsil müəssisələri arasında nadir elmi-tədris mərkəzlərindən olan yeni laboratoriya biotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasına, eyni zamanda tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına geniş imkanlar yaradacaq.

Açılış mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki,  beynəlxalq standartlara cavab verən belə bir laboratoriyanın yaradılması universitetin strateji inkişaf proqramının tərkib hissəsi olmaqla, biotexnologiya və digər bioloji elmlər sahəsində aparılan elmi araşdırmaların keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək. Rektor son iki ildə BMU-da “Biotexnologiya” ixtisasına qəbul aparıldığını, bu sahəni seçən tələbələrin 515-dən yuxarı bal topladığını vurğulayaraq, universitetdə loboratoriya infrastrukturunun gücləndirilməsinin rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə töhfə verəcəyinə inandığını deyib.  Yaqub Piriyev əlavə edib ki, laboratoriya gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi üçün də platforma rolunu oynayacaq. Habelə universitet alimlərinin beynəlxalq proqramlarda iştirak imkanlarını artıracaq və birgə tədqiqat layihələrinin həyata keçirilməsinə zəmin yaradacaq.

Sonra Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev çıxış edib. Çıxışda bildirilib ki, laboratoriyanın istifadəyə verilməsi ölkədə elmi potensialın gücləndirilməsi və innovativ tibbi tədqiqatların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan infrastruktur gənc mütəxəssislərin praktiki bilik və bacarıqlarının artırılmasına, elmi nəticələrin tətbiq imkanlarının genişləndirilməsinə və müasir tədqiqat mühitinin formalaşdırılmasına xidmət edəcək.

Çıxışların ardınca laboratoriya ilə tanışlıq olub. Bildirilib ki, fundamental və tətbiqi tədqiqatlar üçün geniş imkanların yaradıldığı laboratoriyada bioloji nümunələrin analizində  yüksək sürətli soyuduculu sentrifuqa, mikroorqanizm və hüceyrə kulturlarının yetişdirilməsi üçün istilik inkubatoru, materialların saxlanması məqsədilə dərin dondurucu, hüceyrə strukturlarının parçalanması, biomolekulların çıxarılması üçün ultrasəs homogenizatoru, dəqiq müşahidə, habelə rəqəmsal sənədləşdirmə imkanı verən flüoresent trinokulyar mikroskop və digər ən müasir avadanlıqlar quraşdırılıb. Laboratoriya bioloji nümunələrin kompleks analizi, hüceyrə və mikroorqanizmlərin tədqiqi, eləcə də ən aktual araşdırmaların aparılması baxımından strateji əhəmiyyətə malik elmi müəssisə kimi fəaliyyət göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı