Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlər (məlumatlar) siyahısı genişləndirilib.
Modern.az xəbər verir ki, sözügedən məsələ "Avtomobil nəqliyyatı haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, qanunvericiliyə yeni maddə əlavə olunur. İcazə üçün əlavə olaraq aşağıdakılar tələb olunacaq:
- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
- qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
- avtonəqliyyat vasitəsilə daşınan sərnişinlərin fərdi sığortası; qəza
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası.
Qeyd edək ki, son illərdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının bütün növləri üzrə ciddi islahatlar həyata keçirilmiş, qanunvericilik təkmilləşdirilmiş, son nəticədə daşımaların keyfiyyəti yüksəldilib.
Görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol- nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.
Hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (о cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur. Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər). Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur.