Modern.az

Yanğınların artmasının səbəbi nədir? - AÇIQLAMA

Yanğınların artmasının səbəbi nədir? - AÇIQLAMA

Aktual

21 Fevral 2026, 13:35

Son günlər Azərbaycanda yanğın hadisələri intensiv xarakter alıb. Belə ki, iki gün əvvəl Bərdə, Yevlax, Beyləqan, habelə Şəki rayonunun dağlıq ərazilərində, bu gün isə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın hadisələri qeydə alınıb.

Xüsusilə fevral ayında bu cür halların müşahidə olunması narahatlıq yaratmaqla bərabər, eyni zamanda yanğınların intensivləşməsinin mövsümi faktorlarla, yoxsa başqa amillərlə bağlı olması barədə bir sıra suallar yaradır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, intensiv xarakter almış yanğınlar hazırda ölkə ərazisində hökm sürən küləkli hava şəraiti ilə əlaqədardır.

“Xüsusilə dağətəyi və yaxın aran ərazilərində föhn hadisəsinin baş vermə ehtimalı yüksəkdir. Bunun müxtəlif səbəbləri var.

Əgər bu proses bir neçə rayonda eyni vaxtda müşahidə olunursa, bu, əsasən hava axınlarının dağ silsiləsinə doğru hərəkəti ilə bağlıdır. Hava kütləsi dağa doğru irəlilədikcə dağ silsiləsi onun qarşısını kəsir. Yuxarı qalxdıqca hava soyuyur, kondensasiya səviyyəsinə çatır, buludlar yaranır və yağıntılar müşahidə olunur”.

Onun sözlərinə görə, hava kütləsi dağın zirvəsini qalxdıqdan sonra əks yamacla sürətlə səviyyəyə aşağı enməyə başlayır:

"Enmə zamanı hava sürətlə isinərək quruyur. Nəticədə çox güclü, isti və quru külək formalaşır. Bu zaman havanın nisbi rütubəti kəskin şəkildə azalır, bəzən 9-11 faizə, hətta daha aşağı səviyyəyə düşə bilir”.

S.Səfərov onu da əlavə edib ki, belə şərait yanğınların baş verməsi üçün münbit bir şərait yaradır:

“Quru və isti hava, güclü küləklə birlikdə, hətta kiçik bir qığılcımın belə meşə və ya kənd yerlərində, məsələn, ot tayalarında böyük yanğınların baş verməsinə gətirib çıxarır ki, bu cür yanğınlar da qısa müddətdə geniş ərazilərə yayıla bilir”.

O həmçinin xatırladıb ki, oxşar hadisələr bir neçə il əvvəl Daşkəsən və Astara rayonlarında da baş verib.

“Təxminən 2003-2004-cü illərdə Daşkəsən rayonunda mart ayında baş vermiş belə bir hadisə nəticəsində kəndlərdən biri demək olar ki, tamamilə yanmışdı.

Bundan əlavə, küləyin istiqamətindən asılı olaraq dağın bir tərəfində yağıntı müşahidə olunduğu halda, digər tərəfində föhn hadisəsi, yəni quru və isti havanın dağdan sürətlə aşağı enməsi baş verir. Bu isə həm güclü küləklərə, həm ağacların qırılmasına, eləcə də havanın temperaturunun artması və rütubətin azalması səbəbilə yanğın riskinin yüksəlməsinə gətirib çıxarır”, - S.Səfərov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?