Bu gün Gürcüstanın Bolnisi rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ziyalıları, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin keçirildiyi binada Xocalı soyqırımından bəhs edən sərgi də açılıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin direktoru Rezo Həsənov çıxış edərək Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, Xocalı faciəsinin səbəb və acı nəticələrindən danışıb.
Tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Faxralı məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində AZƏRTAC-ın təşəbbüsü ilə “Modern” Media Qrupun direktoru Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov bildirib ki, kitabda Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşağın acı həyat hekayələri əksini tapıb. Onun sözlərinə görə, kitabdakı həqiqətləri oxuyan hər bir şəxs faciə haqqında daha dolğun məlumata sahib olur. Bu kitab danılmaz faktları özündə əks etdirən bir tarixdir.
Mərkəzin direktoru Rezo Həsənov AZƏRTAC-a müsahibəsində deyib:
“Xocalı faciəsindən 34 il ötür. Lakin Azərbaycan xalqı bu faciənin ağrı-acısını heç zaman unutmur və unutmayacaq. Tədbirin təşkilindən məqsəd Xocalı faciəsi ilə bağlı gənclərə məlumat vermək, onların da bu tarixi həqiqətləri özlərindən sonrakı nəsillərə ötürmələrinə vəsilə olmaqdır.
Bu gün burada “Böyüməyən uşaqlar” kitabının təqdimatı da oldu. Bu, bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüsə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarıq”, – deyə R. Həsənov vurğulayıb.
Bolnisi rayonunun Dəllər (Muşevani) kənd məktəbinin 11-ci sinif şagirdi Sona Namazova isə deyib:
“Mən bir müddət Bakıda yaşamışam. Orada bizim Xocalıdan olan bir qonşumuz var idi. O, bu faciə barədə ürək ağrısı ilə danışırdı. Onun danışdıqları bu gün də yadımdan çıxmır. Hərdən öz rəfiqələrim və məktəb yoldaşlarımla bu barədə danışırıq. Bu gün burada bizə təqdim olunan kitab çox təsirlidir. Mən bu kitabı oxuyuram. Çox ağrılıdır.
Amma bu gün bir məsələ də var. Azərbaycan öz torpaqlarını azad edib. Biz çox sevinirik. Yəqin ki, həmin uşaqların sevincinə heç nə çatmaz”, – deyə S. Namazova vurğulayıb.