“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, qüvvədə olan qanunvericilik isə müasir təcrübə ilə uyğunlaşmır:
"Təqdim olunan qanun layihəsinə mən daha çox sosial siyasət prizmasından yanaşmaq istərdim. Bu dəyişikliklər yalnız qiymətləndirmə prosedurunun yenilənməsi deyil, eyni zamanda təhsil sistemində şəffaflığın, sosial ədalətin və ictimai etimadın gücləndirilməsinə yönəlmiş mühüm addımdır.
Şəffaf və ölçüləbilən sertifikatlaşdırma mexanizmi müəllimlərin fəaliyyətinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq, subyektiv yanaşma risklərini azaldacaq və əmək münasibətlərində daha aydın və ədalətli qaydaların formalaşmasına xidmət edəcək. Habelə, bu yanaşma müəllimlərin peşə biliklərinin davamlı yenilənməsini təşviq edəcək, onların öz peşəsinə inamını artıracaq və peşəkar inkişaf üçün əlavə motivasiya yaradacaq.
Bizim əsas məqsədimiz müəllimi qoruyan, onu inkişaf etdirən və təhsil sistemində keyfiyyəti yüksəldən balanslı mexanizm yaratmaqdır. Əminəm ki, sosial həssas yanaşma ilə bu dəyişikliklər həm müəllimlər, həm valideynlər, həm də cəmiyyət üçün müsbət nəticə verəcək.
Sertifikatlaşdırma həm müəllimlərin sosial müdafiəsini gücləndirəcək, həm də valideynlərin təhsil sisteminə inamını daha da artıracaq.
Hesab edirəm ki, təqdim olunan dəyişikliklər əmək bazarında rəqabətin artmasına, təhsil sistemində həm keyfiyyətin, həm də sosial etimadın güclənməsinə xidmət edəcək.
Qeyd edim ki, layihə Əmək və sosial siyasət komitəsində də müzakirə olunmuşdur".