Sumqayıt şəhərində sərnişindaşıma sahəsində çalışan sürücü gözlənilməz problemlə üzləşib.
Modern.az xəbər verir ki, sürücü Vidadi Maliyev iddia edir ki, idarə etmədiyi avtobusa görə adına cərimələr yazılıb və nəticədə sürücülük hüququndan məhrum edilib.
O iddia edir ki, bir müddət əvvəl iş yerini dəyişərək başqa şirkətdə fəaliyyətə başlasa da, əvvəlki iş yerində onun adına rəsmiləşdirilmiş yol vərəqəsi rəsmi qaydada ləğv edilməyib. Məhz bu səbəbdən elektron sistemdə avtobusun hələ də onun tərəfindən idarə olunduğu görünür.
Məsələ ilə bağlı daşıyıcı şirkətin nümayəndəsi Elşən Mustafayev isə bildirib ki, sürücü hələ də rəsmi olaraq işdən çıxarılmayıb. Məlum olub ki, sürücü işdən çıxma ərizəsi də verməyib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, belə hallarda tərəflər İdarəyə müraciət etməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi tərəflərin rəsmi müraciəti əsasında müvafiq araşdırma aparır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görür. (Xezer TV)