Son dövrlər mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə epidemioloji vəziyyət və müşahidə olunan xəstəliklər yenidən gündəmə gəlir. Xüsusilə məktəblilər arasında mövsümi xəstəliklərin yayılması ilə bağlı müraciətlərin olub-olmaması və yaz mövsümünün yaxınlaşması fonunda vəziyyətin necə dəyişdiyi maraq doğurur. Bununla yanaşı, vətəndaşların, eləcə də məktəb yaşlı uşaqların mövsümi xəstəliklərdən qorunması üçün görülən profilaktik tədbirlər və verilən tövsiyələr də diqqət çəkən məsələlərdəndir.
Mövzu ilə əlaqədar olaraq Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət stabil və nəzarət altında qiymətləndirilir. Onun sözlərinə görə, yaz fəslinin yaxınlaşması ilə əlaqədar olaraq xəstəliklərin strukturunda müəyyən dəyişikliklər müşahidə olunur.
“Mövsümi qripə yoluxma halları azalsa da digər kəskin respirator virus infeksiyaları (KRVİ) hələ də aktivdir. Ümumi tendensiya ondan ibarətdir ki, hava-damcı yolu ilə yayılan infeksion xəstəliklər ciddi şəkildə azalmağa doğru gedir”.
Mütəxəssis-ekspert nəzərə çatdırıb ki, mövsüm dəyişikliyi zamanı məktəblilər ən həssas qruplardan biridir:
“Çünki, qapalı məkanlarda uzun müddət bir yerdə olmaq hava-damcı yolu ilə yayılan infeksiyaların sürətini artırır. Mart ayında temperatur tərəddüdləri uşaqların immun sisteminə təsir edir, nəticədə boğaz ağrısı, zökəm və yüksək hərarətlə müşayiət olunan hallara rast gəlinir. Vitamin çatışmazlığı (avitaminoz) nəticəsində qışdan çıxan orqanizmdə enerjinin azalması, yorğunluq və yuxusuzluq halları qeydə alınır. Yazın gəlişi ilə mövsümi allergiyalar ilə bağlı müraciətlərın artımı gözlənilir. Belə ki, ağacların və bitkilərin tozlanması dövründə asqırma, gözlərdə qaşınma və allergik rinit şikayətlərini çoxaldır. Əlamətlərin oxşarlığı allergik vəziyyətin respirator virus infeksiyası ilə səhv salınmasına səbəb olur.
Səhiyyə Nazirliyi məktəblərdə və bağçalarda hərarəti olan uşaqların kollektivə buraxılmamasını, immuniteti gücləndirməyi üçün mövsümi tərəvəzlər və C vitamini ilə zəngin qidalar rasiona əlavə edilməsini, yaşayış və təhsil otaqlarının müntəzəm havalandırılmasını, rütubətin normada saxlanılmasını, temperatur dəyişikliyinə uyğun geyimin seçilməsini (tərləmə və soyuqlamanın baş verməməsi üçün), əllərin tez-tez yuyulmasını (viruslardan qorunmağın ən sadə və effektiv yolu) tövsiyə edir”, - deyə T.Eyvazov bildirib.