Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yel çərşənbəsi münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ziyadlı kəndi ərazisində, Samux–Kür avtomobil yolunun kənarında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 500 ədəd xan çinarı, eldar şamı və digər ağac tingləri əkilib. Əkilən tinglərin normal inkişafını təmin etmək məqsədilə əraziyə damcılı suvarma sistemi çəkilərək ağaclar suvarılıb. Bununla yanaşı, ərazidə mövcud olan ağacların dibləri yumşaldılaraq onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Keçirilən ağacəkmə aksiyası rayon ərazisinin yaşıllaşdırılması ilə yanaşı, ətraf mühitin qorunması və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq tədbirləri il boyu davam etdiriləcəkdir.