Kənd təsərrüfatı sahələrini də süni intellekt tənzimləyəcək.
Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, aqrar süni intellekt layihəsi çərçivəsində aqrar sahədə qərar verməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə otuzdan artıq süni intellekt modulu müəyyən edilib.
“Bu modullar torpaq, iqlim, peyk məlumatları, saha müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək, həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə proseslərini dəstəkləyir”.
M. Məmmədovun sözlərinə görə, sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərvericiləri riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır:
“Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır. Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir Bu yanaşma bir tərəfdən dövlətin aqrar siyasətinin daha effektiv planlaşdırılmasına imkan yaradır, digər tərəfdən isə fermerlərin gündəlik fəaliyyətində daha dəqiq və operativ qərarların qəbul edilməsinə yaxından kömək edir”- o qeyd edib.