Modern.az

Cinayətkarların saxlanmasını çətinləşdirən səbəblər - DİN AÇIQLADI

Cinayətkarların saxlanmasını çətinləşdirən səbəblər - DİN AÇIQLADI

Aktual

Bu gün, 11:31

Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar adətən transmilli xarakter daşıyır və bu xüsusiyyət istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini daha da mürəkkəbləşdirir.

Modern.az xəbər verir ki, bu fikirləri 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.

O bildirib ki, belə qrupların üzvləri arasında əksər hallarda birbaşa fiziki əlaqə olmur və onlar bir-birini şəxsən tanımırlar. 

“Əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif messencer tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən qurulur. Bu isə cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Bununla belə, kibercinayətkarlıqla mübarizə istiqamətində həyata keçirilən əməliyyat-texniki tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri müəyyən müsbət nəticələr verməkdədir”, – deyə idarə rəisi qeyd edib.

E.Mehdiyev onu da əlavə edib ki, transmilli xarakter daşıyan bu cinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardım mexanizmlərindən geniş istifadə olunur:

“Lakin kiber-cinayətkarlıqla mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu sahədə effektiv nəticə əldə etmək üçün dövlət qurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorları və internet provayderləri də daxil olmaqla bütün maraqlı tərəflərin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!