Modern.az

Paytaxtda otellərin doluluğu 40 faiz azalıb - SƏBƏB

Paytaxtda otellərin doluluğu 40 faiz azalıb - SƏBƏB

Aktual

Bu gün, 17:38

Yaxın Şərqdə, xüsusilə ABŞ-İsrail-İran xəttində müşahidə olunan geosiyasi gərginlik regionda turizm və nəqliyyat axınlarına birbaşa təsir göstərir. Hava məkanının bağlanması və bəzi marşrutlar üzrə uçuşların məhdudlaşdırılması beynəlxalq səfərlərin planlaşdırılmasına, işgüzar səfər və turist mübadiləsinə təsir edən əsas amillərdəndir. Azərbaycan da coğrafi mövqeyinə görə bu proseslərin dolayı təsirini hiss edən ölkələrdən biridir.

Eyni zamanda regiondakı gərginlik səbəbindən Azərbaycanda müvəqqəti qalmalı olan xarici vətəndaşların vəziyyəti, onların hansı ölkələrin vətəndaşları olması və geridönüş prosesinin necə təşkil olunması da mövcud vəziyyətin real mənzərəsini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, bu cür münaqişələr bu və ya digər formada həmin bölgədə turizm axınlarına və miqrasiya mübadiləsinə birbaşa olaraq təsir göstərir.

“Nəzərə alsaq ki, söhbət İrandan və İranla qonşu olan Fars körfəzi regionuna aid ölkələrdən gedir, hansı ki, bu ölkələr uzun illərdir turizm mərkəzləri kimi fəaliyyət göstərir. Məhz bu səbəbdən həmin ölkələrin münaqişəyə cəlb olunması turizm sektoruna da təsirsiz ötüşmür.

Xüsusilə qeyd edilməlidir ki, İranla həmsərhəd olan 12 ölkə bu və ya digər formada münaqişəyə birbaşa və ya dolayısı ilə cəlb olunub. Bu isə həmin istiqamətlərə hava uçuşlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Nəticədə həmin ölkələrə turist axını azalır və turizm sektoru bundan ciddi zərər görür.

Hazırda bu ölkələrin rəsmi qurumları tərəfindən geniş statistik məlumatlar açıqlanmasa da, sosial şəbəkələrdə müxtəlif məlumatlara rast gəlinir. Məsələn, həmin ölkələrdə qalan və öz ölkələrinə qayıtmaqda çətinlik çəkən turistlər barədə çoxsaylı paylaşımlar var. Eyni vəziyyət Azərbaycan vətəndaşları ilə bağlı da müşahidə olunur. Münaqişə fonunda bəzi vətəndaşlarımızın Azərbaycana qayıtmaqda çətinlik çəkdiyi barədə məlumatlar yayılıb. Mən də bu məsələ ilə bağlı bir neçə nəfərlə danışmışam və məlum olub ki, onlar bir neçə ölkə üzərindən tranzit uçuşlar edərək çətinliklə Azərbaycana qayıda biliblər”.

İctimai Birliyin sədri nəzərə çatdırıb ki, münaqişələr və onunla bağlı yaranan gərginlik turizm sənayesinə ciddi zərbə vurur:

“Nümunə olaraq, Qətər, Bəhreyn, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və digər turizm mərkəzləri belə hallardan təsirlənir. Bu şəhərlərin bəziləri raket zərbələrinə məruz qalır. Turizm obyektləri birbaşa hədəf olmasa da, beynəlxalq hava limanlarının vurulması və bəzi hallarda otellərə zərbələrin endirilməsi həmin ölkələrdə olan turistləri, səfər edən şəxslərin təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur”.

A.Allahverənov həmçinin vurğulayıb ki, belə vəziyyətlərdə turistlər ölkəni tərk etmək üçün müxtəlif yollar axtarmağa məcbur qalırlar:

“Lakin aviareyslərin məhdudlaşdırılması səbəbindən bu proses olduqca çətinləşir. Turistlər çox vaxt daha uzun marşrutlar seçərək, bir neçə ölkə üzərindən tranzit uçuşlar etməklə və daha çox vaxt sərf edərək öz ölkələrinə qayıda bilirlər.

Bəzi ölkələrdə, məsələn, Birləşmiş Ərəb Əmirliklərində hökumət turistlərə müəyyən dəstək göstərməyə çalışır. Gündəlik qida təminatı və müvəqqəti qalmaq üçün əlavə imkanların yaradıldığı bildirilir. Lakin əldə olunan məlumatlara görə, bu dəstək hər kəsə, bütün turistlərə şamil olunmur.

Məsələn, Dubayda qalan turistlərin paylaşdıqları məlumatlara əsasən, bəzi şəxslər bu imkanlardan yararlana bilsə də, digərləri bütün xərcləri öz hesabına qarşılamaq məcburiyyətində qalır. Hətta mənim əldə etdiyim məlumata görə, Dubayda qalan ailələrdən biri gündəlik təxminən 300-400 dollar xərcləyərək yaşayış və digər ehtiyaclarını qarşılamağa məcbur olub. Bu isə kifayət qədər böyük maliyyə yükü deməkdir.

Bununla belə, hərbi gərginlik və münaqişələr turizm mərkəzlərinin özünə birbaşa sirayət etməsə belə, turist axınlarının azalmasına, uçuşların məhdudlaşdırılmasına və turistlərin təhlükəsizliyinin risk altına düşməsinə səbəb olur”, - deyə o fikrini tamamlayıb.

Skal İnternational Baku Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov isə bildirib ki, ABŞ, İsrail və İran arasında yaranan gərginlik və müharibə riskinin Körfəz regionuna da yayılması turizm bazarına ciddi təsir göstərir.

“Xüsusilə həmin ölkələrdən Azərbaycana gələn turist axınında dayanma müşahidə olunur. Eyni zamanda Azərbaycandan bu ölkələrə və tranzit istiqamətlərə səfər planlaşdıran vətəndaşların da bir qismi səfərlərini təxirə salıb.

Hazırda münaqişə bölgələrində və ya Azərbaycanda olan xarici vətəndaşların sayı ilə bağlı konkret statistika mövcud deyil. Lakin adətən belə hallarda hava yolları və turizm şirkətləri turistlərə kömək etməyə çalışır. Reyslər ləğv olunsa belə, aviaşirkətlər ya alternativ reyslər təklif edir, ya da biletin dəyərini kompensasiya edir. Bu cür vəziyyətlər xüsusi hal kimi qiymətləndirildiyi üçün aidiyyəti qurumlar və səfirliklər də prosesə qoşularaq insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına yardım göstərirlər”.

Assosiasiya sədri onu da əlavə edib ki, Azərbaycanda İsrail, İran və Körfəz ölkələrindən müəyyən sayda turist mövcud idi:

“Lakin Ramazan ayı olduğu üçün bu regiondan turist axını onsuz da o qədər də yüksək olmur. Buna görə də ölkədə qalan turistlərin sayının çox olmadığı ehtimal edilir.

Digər tərəfdən, xaricdə olan Azərbaycan vətəndaşlarının da ilk fürsətdə ölkəyə qayıtması üçün koordinasiya işləri aparılır.

Müharibə riski turizm sektoruna ciddi təsir göstərir. Xüsusilə paytaxt Bakıda yerləşən otellərdə doluluq səviyyəsinin təxminən 30-40 faiz azaldığı müşahidə olunur. Halbuki turizm sektoru Ramazan və Novruz bayramı ərəfəsində turist sayının artacağını gözləyirdi. Hazırda isə bir sıra rezervasiyaların ləğv edildiyi və ya daha sonrakı tarixlərə keçirildiyi görünür”.

C.Aşurov hesab edir ki, əgər münaqişə uzun müddət davam edərsə, həmin region ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalma daha da dərinləşə bilər:

“Bu səbəbdən Azərbaycan turizm bazarını diversifikasiya etməli və digər ölkələrlə əlaqələri genişləndirməlidir. Məlumata görə, hazırda təxminən 8 istiqamət üzrə uçuşlar ləğv edilib. Bu itkilərin kompensasiya edilməsi üçün yeni turizm istiqamətlərinin açılması, yeni bazarlarla əməkdaşlığın genişləndirilməsi və əlavə birbaşa reyslərin təşkili vacib hesab olunur. Bu addımlar digər bazarlardan turist axınını artırmaqla mövcud itkilərin qismən də olsa qarşısını ala bilər”.

Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, bu gün dünyada baş verən siyasi qalmaqallar, gərginliklər və xüsusilə Yaxın Şərqdəki hərbi qarşıdurma qlobal aviasiya sektorunda ciddi xaos yaradıb:

“Məlumatlara görə, 4 400-dən çox reys təxirə salınıb və yüz minlərlə insan planlaşdırdığı səfərləri ertələmək məcburiyyətində qalıb. Bu vəziyyət turizm sektoruna da birbaşa təsir göstərərək turizm şirkətlərinin ciddi maliyyə itkiləri, zərərlərlə  üzləşməsinə səbəb olur.

Ümumilikdə nəzərə alsaq ki, Azərbaycan coğrafi baxımdan münaqişə və hərbi gərginliyin yaşandığı regiona yaxın ərazidə yerləşir, bu proseslər ölkəmizə də dolayı yolla təsir göstərir. Artıq Azərbaycana gələn turistlərin sayında müəyyən azalma müşahidə olunur. Bunun əsas səbəblərindən biri odur ki, Azərbaycana gələn turistlərin əhəmiyyətli hissəsi Körfəz və Asiya ölkələrinin payına düşür.

Ekspert eyni zamanda xatırladıb ki, yaranmış vəziyyət Azərbaycan vətəndaşlarının da xaricdə qalmasına səbəb olub:

“Azərbaycan Hava Yolları tərəfindən mütəmadi şəkildə təxliyə reysləri həyata keçirilir və vətəndaşların ölkəyə qaytarılması prosesi davam edir. Azərbaycanda qalan bəzi xarici turistlər isə müxtəlif alternativ marşrutlarla öz ölkələrinə qayıdırlar.

Əlbəttə, ilk günlərdə müəyyən çətinliklər yaransa da, 1 həftə -10 gün ərzində proseslər xeyli sürətləndirildi və insanların təxliyəsi əsasən uğurla həyata keçirildi və hazırda da davam edir.

Bununla belə, yaxın dövrdə Azərbaycana gələn turistlərin sayında azalma olacağı gözlənilir. Bu azalma 3 mərhələdə - müharibəyə qədərki dövr, müharibə dövrü və müharibədən sonrakı mərhələdə də hiss oluna bilər. Bunun əsas səbəbi isə münaqişəyə cəlb olunan ölkələrdə sosial-iqtisadi vəziyyətin zəifləməsi və əhalinin turizm imkanlarının məhdudlaşmasıdır.  Bu da bir daha sübut edir ki, gələcəkdə ölkəmizə turist axınının azalması qaçılmazdır”, - deyə R.Quliyev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar