Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regionda sülh və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri, qarşılıqlı dialoqun intensivliyi və həyata keçirilən birgə layihələr bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb. Bu fakt Aİ-nin Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha təsdiqləyir. İqtisadi əlaqələrin dərinləşməsi fonunda qarşılıqlı investisiya imkanlarının genişlənməsi də diqqət çəkir. Cənab Prezident bildirdi ki, Azərbaycan yalnız Avropadan investisiyalar qəbul edən tərəf deyil, eyni zamanda Avropa ölkələrində də fəal şəkildə sərmayə yatıran tərəfdaşdır. Bu, münasibətlərin qarşılıqlı etimada və uzunmüddətli iqtisadi maraqlara əsaslandığını göstərir. Azərbaycan–Avropa İttifaqı münasibətlərində enerji əməkdaşlığı xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi, 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropaya qaz ixracının həcmi və coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın boru kəmərləri vasitəsilə ixrac etdiyi qazı alır. Bu göstərici Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu göstəriciyə görə Azərbaycan dünyada boru kəmərləri ilə qaz təchizatını ən geniş coğrafiyaya həyata keçirən ölkələrdən biridir. Eyni zamanda Azərbaycan yaxın illərdə qaz hasilatını artırmağı planlaşdırır. Yeni yataqlardan hasilatın başlanması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlə müqayisədə ən azı 10 milyard kubmetr əlavə qazın hasil olunacağı gözlənilir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq. Enerji sahəsində əməkdaşlıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Prezident İlham Əliyev çıxışında bərpaolunan enerji sahəsində mövcud böyük potensialı da xüsusi qeyd etdi. Azərbaycanın coğrafi və iqlim şəraiti külək və günəş enerjisinin inkişafı üçün geniş imkanlar yaradır. Dövlət başçısının sözlərinə görə, ölkədə ildə 300-dən çox günəşli gün müşahidə olunur ki, bu da alternativ enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın strateji planına əsasən, növbəti beş-altı il ərzində ixraca hazır olan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalının təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni ötürmə xətləri, dəniz dibi enerji kabelləri və digər infrastruktur layihələri üzərində intensiv iş aparılır. Bu layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi rolunu daha da möhkəmləndirəcək. Cənab Prezident çıxışında regionda yaranmış yeni siyasi reallıqlara da toxundu. Dövlət başçısı bildirdi ki, Azərbaycan cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaradır. Sülh gündəliyinin əsas istiqamətlərindən biri də nəqliyyat və logistika əlaqələrinin bərpasıdır. Orta Dəhlizin genişlənməsi və regional nəqliyyat layihələrinin reallaşması həm Azərbaycan, həm də Avropa üçün yeni iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq Ermənistanla iqtisadi münasibətlərin bərpası istiqamətində real addımlar atıb. Ermənistana mühüm neft məhsullarının təchizatına başlanılması və Azərbaycan ərazisindən Ermənistana yönələn tranzit yüklər üçün bütün məhdudiyyətlərin aradan qaldırılması bunun bariz nümunəsidir. Bu addımlar Azərbaycanın sülh prosesinə səmimi və konstruktiv yanaşmasının göstəricisi kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyev qeyd edib ki, əgər hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərsə, bu, xalqlar arasında real barışığın yaranmasına gətirib çıxaracaq. Dövlət başçısı müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycanın sülhün dəyərini çox yaxşı bildiyini də xüsusi vurğuladı. Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident cənab İlham Əliyevin səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət və investisiya əməkdaşlığı, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsi bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaş, region üçün isə sabitlik və əməkdaşlıq mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı