Modern.az

Regional sabitlikdən iqtisadi əməkdaşlığa doğru yeni mərhələ    

Regional sabitlikdən iqtisadi əməkdaşlığa doğru yeni mərhələ    

Aktual

Bu gün, 11:01

Martın 12-də Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslərin müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət çəkir.

Forumun açılış mərasimində Prezident cənab İlham Əliyevin çıxışı qlobal təhlükəsizlik, regional sabitlik, enerji siyasəti və nəqliyyat-logistika əməkdaşlığı baxımından Azərbaycanın mövqeyini və gələcək inkişaf istiqamətlərini əhatəli şəkildə ortaya qoydu. Cənab Prezident çıxışında vurğuladı ki, hazırkı dövrdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri bütün dövlətlər üçün bir nömrəli prioritetə çevrilib. Müasir dünyada geosiyasi gərginliklərin artması, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq hüququn selektiv tətbiqi ölkələrin inkişaf strategiyalarına ciddi təsir göstərir. Bu şəraitdə təhlükəsizlik yalnız hərbi aspektlərlə məhdudlaşmır, həm də iqtisadi sabitliyin, enerji təminatının və nəqliyyat əlaqələrinin qorunmasını əhatə edən geniş anlayış kimi çıxış edir. Azərbaycan üçün regional təhlükəsizlik uzun illər dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Otuz ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı ölkənin siyasi və iqtisadi inkişafına ciddi təsir göstərmişdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların azad olunması regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına zəmin yaratdı. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın əldə etdiyi təcrübənin beynəlxalq müstəvidə də mühüm əhəmiyyət daşıdığını vurğuladı. Ölkəmiz əvvəlcə hərbi-siyasi yollarla suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, daha sonra isə Ermənistanla sülh prosesini irəli apararaq regionda sabitlik mühitinin formalaşmasına töhfə vermişdir. 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması və tərəflər arasında real sabitliyin yaranması region üçün yeni iqtisadi əməkdaşlıq imkanları açır. Artıq yeddi aydır ki, Azərbaycan və Ermənistan faktiki olaraq sülh şəraitində yaşayırlar. Sərhəddə sabitliyin təmin olunması, hərbi toqquşmaların və itkilərin olmaması regionda iqtisadi və nəqliyyat layihələrinin inkişafı üçün əlverişli mühit yaradır. Azərbaycanın Ermənistanla ticarətin bərpası və bu ölkəyə neft məhsullarının ixracına başlaması isə iqtisadi əməkdaşlığın formalaşması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Cənab Prezident çıxışında münaqişələrin həlli prosesində vasitəçilik institutunun effektivliyinə də toxundu. ATƏT-in Minsk qrupunun uzun illər davam edən fəaliyyəti münaqişənin həllinə real töhfə verməmiş və nəticədə prosesin dondurulmasına gətirib çıxarmışdı. Azərbaycan isə ikitərəfli formatda aparılan danışıqların daha effektiv olduğunu nümayiş etdirdi və məhz bu yanaşma qısa müddət ərzində real sülhün əldə olunmasına şərait yaratdı. Cənab Prezidentin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri də enerji təhlükəsizliyi idi. Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik strategiyasının əsas elementlərindən birinə çevrilib. Azərbaycan isə uzun illərdir ki, beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Azərbaycan neft, təbii qaz, neft məhsulları, neft-kimya sənayesi və elektrik enerjisi sahələrində geniş istehsal və ixrac imkanlarına malikdir. Son illərdə Avropa və digər regionlarda enerji resurslarına tələbatın artması Azərbaycanın ixrac coğrafiyasını da genişləndirib. Dövlət başçısının qeyd etdiyi kimi, bir il əvvəl Azərbaycan qazını alan ölkələrin sayı 12 olduğu halda, hazırda bu göstərici 16-ya yüksəlib. Bu isə ölkəmizin enerji bazarındakı rolunun daha da gücləndiyini göstərir. Azərbaycan boru kəmərləri vasitəsilə təbii qaz ixrac edən ölkələr arasında coğrafi əhatə baxımından dünyada birinci yerdədir. Bu fakt ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm strateji mövqeyə malik olduğunu bir daha təsdiqləyir. Azərbaycan eyni zamanda OPEC+ formatında məsuliyyətli tərəfdaş kimi balanslı və proqnozlaşdırıla bilən enerji bazarının formalaşmasına dəstək verir.

Prezident cənab İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm istiqamət isə nəqliyyat və logistika əməkdaşlığı oldu. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və geosiyasi gərginliklər ənənəvi tədarük zəncirlərinin pozulmasına səbəb olur. Belə bir şəraitdə alternativ nəqliyyat marşrutlarının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə enerji layihələrindən əldə olunan gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldərək regionun mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə əsas tərəfdaşlardan biridir. Azərbaycanın bu layihələrdə fəal iştirakı Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Orta Dəhliz layihəsinin inkişafı da Azərbaycanın strateji iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqamətinin formalaşdırılması üzərində iş aparılır. Bu marşrut Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək və regionda yeni nəqliyyat-kommunikasiya imkanları yaradacaq. Planlaşdırılan nəqliyyat marşrutları yalnız yükdaşımaların artmasına deyil, həm də enerji, optik kabel və digər kommunikasiya xətlərinin inkişafına imkan verəcək. Bu isə region ölkələri arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcək və qarşılıqlı faydalı tərəfdaşlıq modelinin formalaşmasına xidmət edəcək.

Prezident cənab İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı müasir qlobal çağırışlar fonunda Azərbaycanın təhlükəsizlik, enerji və nəqliyyat strategiyasını aydın şəkildə nümayiş etdirir. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, regional sabitlik, enerji əməkdaşlığı və nəqliyyat bağlılığı qlobal iqtisadi inteqrasiyanın əsas sütunlarından biri kimi çıxış edir. Bu isə ölkəmizin həm regional, həm də beynəlxalq səviyyədə strateji əhəmiyyətini daha da artırır.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar