İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
Hücumun məqsədinin Adanada yerləşən NATO hərbi hava bazası olan İncirliyə yönəldiyi düşünülür.
Yəni İranın məqsədinin əslində ABŞ bazasını vurmaq olduğu deyilir.
Modern.az-a açıqlamasıda türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, İncirlik hərbi bazası türk bazasıdır:
"Artıq üçüncü dəfədir ki, İrandan Türkiyəyə raket atılır. Raket Adanada hava hücumundan müdafiə sistemləri tərfindən məhv edilib. Xoşbəxtikdən hadisə zamanı heç bir mənfi hal, insan itkisi yaşanmayıb. Burada hədəf kimi İncirlik hərbi bazasını götürüldüyü düşünülür. Lakin ABŞ, daha doğrusu NATO-ya məxsus bu hərbi baza, əslində Türkiyə bazasıdır. Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Adanada yerləşən İncirlik bazasında hazırda xeyli sayda əsgərimiz var. Dünən hətta müdafiə nazirimiz də daxil olmaqla, bir çox nazirliklərimiz İncirlik Hərbi Hava Bazasının Türkiyə bazası olması ilə bağlı fikirlərini çatdırıblar.
İrana gəldikdə, bu ölkə, təəssüf ki, artıq relsdən çıxıb və belə bir şəraitdə lazımsız işlər görür. Amerika və İsrail İrana hücum etsə də, təəssüf ki, İran Yaxın Şərqi qan gölünə çevirib. Lakin Türkiyə özünə hücuma icazə verməyəcək. Bu son raket hücumu bilərəkdən edilibsə, Türkiyə fərqli cavab verəcək. İndi düşünün, əgər ölkəniz üç dəfə qəsdən raket hücumuna məruz qalırsa, deməli, heç bir xoş niyyət yoxdur".

İ.Muğlu qeyd edib ki, Türkiyə adekvat cavab verəcək:
"Əgər bu gün Türkiyəyə üç dəfə raket atılırsa, Türkiyə də öz növbəsində İrana üç raket atacaq. Bu gün Türkiyə ordusu NATO-nun ən güclü ordularından biridir. Türkiyə vasitəçilik üçün hər cür səy göstərir, hər bir müdaxiləni edir ki, Amerika və İsraili İrana qarşı bu hücumlardan çəkindirsin. Bəli, Amerika və İsrailin bu hücumu ədalətsiz və qanunsuz olsa da, heç birimiz İranın Yaxın Şərqə hücumlarına müsbət baxmırıq. İranın İsrailə və ya Amerika bazalarını hücumlarını tənqid etmirik. Biz deyirik ki, "kaş, bu baş verməsəydi". Amma İranın hücum etdiyi nöqtələrə baxanda, "Yaxın Şərqdə Amerika bazalarını vururuq" desələr də, təəssüf ki, bir çox mülki yaşayış məntəqələri də hədəf alınır. Bunu hər gün aydın şəkildə görürük. Məsələn, dünən İran Ərbilə çox ciddi hücum etdi. Orada bir fransız əsgəri öldürüldü. Eləcə də, İraq Kürdüstan Regional Hökumətinin əsgərləri yaralandı və ya həlak oldu. Bu, mətbuatda tam şəkildə işıqlandırılmayıb, amma analiz etdikdə, görürük ki, İran Əbu-Dabidən Küveytə, İraqa və Bəhreynə qədər Yaxın Şərqdəki bir çox nöqtəyə hücum etmək üçün eyni ballistik raketlərdən istifadə edir. Bunların heç biri məqbul deyil.
İran Azərbaycana da hücum edib, bununla birlikdə türk torpaqlarına 4 hücum həyata keçirilib və bunun mütləq cavabı olacaq.
Bəs Türkiyə niyə bu vəziyyətdə sakitliyini qoruyur? Çünki o, artıq alov halqası ilə əhatə olunub. Allah eləməsin, əgər Türkiyə müdaxilə etsəydi, İran tamamilə məhv olardı, amma Türkiyə, Azərbaycan və qonşu ölkələr də böyük ziyan və itkilərə məruz qalardı. Çünki həmişə dediyim kimi, müharibənin heç vaxt qalibi olmur. Və bir millət olaraq biz həmişə sülhün tərəfdarı olmuşuq.
Türkiyə sakitliyini, təmkinini qoruyacaq. Bizim istəyimiz budur. Amma bu və ya digər şəkildə, Türkiyə dövləti və türk milləti İranı bu hücumlara görə, məsuliyyətə cəlb edəcək və vaxtı gələndə, istər diplomatik, istər siyasi, istərsə də hərbi cəhətdən mütləq məsələ çürüdüləcək. Biz bir millət və dövlət olaraq beləyik ki, köşəyə yazırıq və bir gün yazdığımız məsələni mütləq qaldırıb, məsuliyyət tələb edəcəyik. Amma Türkiyə buna birdən reaksiya verərsə, həqiqətən də Üçüncü Dünya müharibəsi başlayacaq. Üçüncü Dünya müharibəsi bütün bəşəriyyətə, xüsusən də İrana böyük zərər verərdi. O zaman İran öz səhvləri üzündən tarix səhifələrində çox ciddi zərbələr almış bir ölkəyə çevriləcək.
Bu gün Türkiyəyə edilən hücum tamamilə 100% İranın günahıdır. Bunu İsrailə, ABŞ-a və ya başqa bir üçüncü ölkəyə aid etmək olmaz. Türkiyə kimi bir ölkə NATO üzvü olsa da, həmişə sülhsevər və vasitəçi tərəfdaş kimi qonşusu İranın yanında olub, həmişə ona qarşı bu cür hücumların qarşısını almağa çalışıb. İsrail ilk dəfə mülki bir yerə, məktəbə hücum edəndə ən çox təsirlənən Türkiyə oldu. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ən təsirli şəkildə məsələyə reaksiya verdi. Xarici işlər naziri və digər yüksək vəzifəli şəxslər də eyni şəkildə məsələyə yanaşdılar. Bir çox ölkə sussa da, Türkiyə açıq və sərt reaksiya verdi. Eynilə, Türkiyə Ali Rəhbər Xameneinin və bir çox digər rəsmilərin sui-qəsdinə çox ciddi və sərt münasibət göstərdi. Və bəlkə də dünyada başsağlığı verən ilk lider Türkiyə Respublikasının lideri Rəcəb Tayyib Ərdoğan oldu".