Gəncə Dövlət Universitetinin (GDU) İnnovasiyalar Departamentində “Elm və İnnovasiya Ayı” çərçivəsində “Startup Həftəsi” keçirilib. Tədbirin ilk günündə GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə innovasiya və sahibkarlığın elmin inkişafında vacibliyi haqqında danışıb və tələbələrə bu istiqamətdə məsləhətlər verib.
“Startup Həftəsi” ərzində İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev və şöbənin əməkdaşı Kamran Yusibov iştirakçılara innovasiya, innovasiyanın növləri, startuplar, biznes model, məhsulun yaradılması, dizaynı və s. kimi mövzularda təlimlər keçib.
Eyni zamanda “Startup Həftəsi” müddətində universitetin “ENACTUS” komandasının üzvləri ilə görüşlər təşkil olunub. Görüşlər zamanı bu müsabiqədə iştirak ilə bağlı məsələlər müzakirə olunub, tələbələrin fikirləri dinlənilib və müsabiqəyə təqdim olunacaq ideyalar ətrafında fikir mübadiləsi aparılıb.