Uzun fasilədən sonra azad Xocavənddə keçirilən bayram şənliyində Azərbaycanın zəngin milli musiqi sədaları ətrafa yayılıb.
Modern.az xəbər verir ki, şəhər mərkəzində Novruz bayramı ab-havası yaşanıb. İlaxır çərşənbənin tonqalı qalanıb. Tonqal ətrafına toplaşan şəhər sakinləri illərin həsrətinə son qoyaraq Novruzu doğma yurdda böyük coşqu və sevinc hissi ilə qeyd ediblər. Müxtəlif musiqi nömrələri səsləndirilib, iştirakçılar bayram tonqalı ətrafında bir araya gələrək qədim ənənələri yaşadıblar.
Qeyd olunub ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini özündə ehtiva edən ən əziz bayramlardan biridir. Azad olunmuş ərazilərdə bu cür tədbirlərin keçirilməsi isə xüsusi rəmzi məna daşıyır.
Qeyd edək ki, Xocavənd şəhəri ilə yanaşı, Hadrut və Qırmızı Bazar qəsəbələrində, həmçinin rayonun Sos, Xocavənd və Xanoba kəndlərində də Novruzun İlaxır çərşənbəsi bu yurdun əsl sahibləri tərəfindən qeyd edilib.