Modern.az

Ağıllı olmaq ağılsızlıqdır - dünya dar paltarda qaçır

Aktual

Bu gün, 16:13

Qəribə vaxta gəlmişik. Bəzən sənə elə gəlir ki, hər şeyi bilirsən, hərdən isə hiss edirsən ki, sənin bu dünyadan ümumiyətlə xəbərin yoxdur. Dünya köhnə paltarını çıxarıb dar paltar geyən qocaya bənzəyir.
 
İndi baş verənləri adam anlaya bilmir.

Bir müddət öncə Tramp Venesuelanın prezidenti Maduronu Amerikaya qaçırdı. Ona gözün üstə qaşın var deyən olmadı. Bu xəbərə inanan da oldu, gülüb keçən də... Qorxudan dodağı yara tökən də tapıldı.
Əslində isə heç kim nə baş verdiyini tam anlamadı. Çünki bu dövrdə xəbər yox, versiya var. Həqiqət montajda, reallıq təqdimatdadır.

İndi də başqa bir dəb yaranıb. Ayrı-ayrı ölkə liderləri bir-birini öldürürlər.
İsrail Seyid Əli Xameneini öldürdü deyə xəbər yayıldı. Onun cəsədini betonun altından tapdılar, göstərdilər. Görüntü xeyli şübhəli idi. Nə sirdisə, bu dövrdə ölüm də tam olmur. Ölən adam az keçməmiş sosial mediada görünür, paylaşım edir.

İran dedi Netanyahunu öldürüb. Ardından Netanyahu sosial mediaya çıxıb danışdı, kofe içdi. Heç nə olmamış kimi göründü.
Adam bilmir necə etsin, kimə, nəyə inansın.
Bu nədirsə, yeni dəbdir.

Onlardan qabaq Rusiya Ukrayna ilə müharibəyə başladı. Amma Putinlə Zelenski biri-birini öldürmək istəmədilər. Ən azından görünən səhnədə biz bunun şahidi olmadıq. Arxa planda nə baş verdiyini isə heç kim bilmir. Kim bilir, bəlkə də hər şey çoxdan bitib, biz sadəcə təkrarı izləyirik.


Dəqiq bilinən təş tək şey var. İndi texnologiya o qədər inkişaf edib ki, insanın özü belə özünə şübhə edir. Həkimlər bir insanın yüz eynisini düzəltmək gücündədirlər.
Yüzə-yüz bilirsən ki, eyni səsli, eyni boy-buxunlu, eyni görkəmli neçə-neçə Putin var.
Tramp var.
Netanyahu var.
Xamenei var.
Arada düşünürsən ki, indiki dünyada şəxs anlayışı yerini rola verir. Bir obraz var və onu yüzlərlə adam oynaya bilir.

İndi biz necə edək?
Kimə inanaq?
Ekrana baxan gözümüzə, yoxsa baş verənləri analiz edə bilməyən beynimizə?
Gördüyümüzə, yoxsa hiss etdiyimizə?
Düşündükcə adam meduzalaşır.

Yalan olmasın, bəlkə Xamenei ərəb dünyasında gizlətdiyi trilyonları götürüb gedib Havay adalarında dincəlir.
Bəlkə Tramp başqa bir ölkədə başqa adla yaşayır.
Bəlkə Putin heç vaxt mövcud olmayıb, sadəcə ideya olub.
Nəyisə dünya yaman oyuna gəlib.
Bu oyun o qədər böyüyüb ki, oyunçu ilə tamaşaçının yeri dəyişib.
İndi hamımız oyunun içindəyik. Oyunu kimin qurduğunu bilmirik.

NATO üzvü olan Amerika ilə Avropa ölkələri didişir. Bir tərəf bir şey deyir, o biri tərəf başqa cür izah edir. Eyni ailənin üzvləri bir-birinə şübhə ilə baxır.
 
Yaxın Şərqdə müsəlman ölkələri keçib biri-birinə. Qardaşlıq şüarları səslənir, amma başları üzərlərində mərmilər uçur. Dindən danışıb insanları öldürürlər.
 
O biri tərəfdə Rusiya Ukrayna ilə güləşir. Bu güləşdə qayda, hakim yoxdur. Sadəcə güc var.
Başqa bir tərəfdə Çinlə Tayvan arasında nəsə var.
Nəsə var, di gəl ki, heç kim tam nə olduğunu demir. Sanki heç kim heç nə bilmir.

Bu tərəfdə Tramp deyir ki, Qrenlandiya onundur. Dünya bu deyimə həm gülür, bir az da qorxur. Zarafatla gerçək arasındakı sərhəd silinib.

Belə dünyada Paşinyan olmaq lazımdır. Adam xoşbəxtcəsinə avtobusda rəqs edir, pirojki yeyir, küçədə adamlarla dalaşır. Ciddiliyin yükünü çiyninə almır. Bilir ki, indi ciddi olmaq ən böyük riskdir.

Hiss olunur ki, indiki dünyada xoşbəxt yaşaya bilmək klassik anlamdakı adamların gücü xaricindədir. Klassik düşüncə bu xaosu izah edə bilmir. Ağıllı olmaq ağılsızlıqdı. Ağılsız görünmək daha təhlükəsizdir.

Dünyanı yönəldən Trampdan, Putindən, Netanyahudan, Xameneidən eyni biçimdə, eyni yerişdə, eyni ölçüdə yüzü varsa, sən də obraz olmalısan.
Sən də öz rolunu oynamalısan, maska taxmalısan.
Paşinyan kimi rəqs etməlisən.

Bu arada adamın yadına Hacıbala Abutalıbov düşür. Əslində kişi tam indiki dünya üçün idi. Onun qəribə çıxışları, gözlənilməz davranışları bu dövrün dili idi. Yanlışı o oldu ki, bir az tez doğulmuşdu.
Nəysə… eee…
Dünya daha məntiqi qəbul etmir, emosiyanı anlamır. Dünya hərəkəti izləyir.


Ağıllı olub dünyanın dərdiylə yüklənməkdənsə, dəli olub dünyanın belinə çıxmalısan. Belədə hamı sənin dərdini çəkəcək, hamı səni izah etməyə çalışacaq.
Paşinyan kimi...
Hacıbala Abutalıbov kimi...
İndiki dövrdə izah olunan yox, izah edən güclüdür. Qalib sualdan özünü təqdin edən yaradandır. Sual verən heç kimə lazım deyil.
 
Deyirlər ki, dünya heç vaxt bu qədər sürətli olmayıb. İnsanlar danışır, eşidilmir, yaşayır, anlamır.
Dünya bir səhnədir, sən ya aktyor, ya da itən tamaşaçı olmalısan.
Daha yeni dəblər gəlir…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı