Qondarma “Dağlıq Qarabağ”ın keçmiş lideri Samvel Şahramanyan sələfi Arayik Harutyunyanın 2023-cü ilin avqustunda istefa verməsi üçün təzyiqə məruz qaldığı barədə iddiaları təkzib edib.
Modern.az xəbər verir ki, Şahramanyan “Yerablur” hərbi panteonunda jurnalistlərə bildirib ki, Harutyunyanı 2023-cü ildə “Dağlıq Qarabağ"ın rəhbəri vəzifəsindən istefa verməkdən çəkindirmək üçün bir neçə cəhd edilib.
"Mən şəxsən “keçmiş prezidentlə”rin, o cümlədən Ruben Vardanyanın Harutyunyanı istefa verməkdən dəfələrlə çəkindirməyə çalışdıqlarının şahidi oldum, çünki o anda bu, səhv addım idi", - deyə o bildirib.
Şahramanyanın sözlərinə görə, son anda Harutyunyan israrla ermənilərin etimadını itirdiyini və çətin vəziyyətdən çıxmaq üçün resurslarının olmadığını bildirib. Nəticədə, o, 2023-cü ilin avqust ayının sonunda istefa verib.
Şahramanyan əlavə edib ki, bundan əvvəl Harutunyanın özü bir neçə ay öz yerinə namizədlər axtarıb.
O əlavə edib ki, “Dağlıq Qarabağ hakimiyyəti” həmin günlərdə hər addımı Ermənistan rəhbərliyi ilə əlaqələndirib.