Modern.az

Tarixi binaya qrafiti çəkmək vandalizmdir - DEPUTAT

Tarixi binaya qrafiti çəkmək vandalizmdir - DEPUTAT

Aktual

Bu gün, 19:32

"Tarixi və mədəniyyət abidələrinin qorunması Azərbaycan Respublikasında qanunla tənzimlənir. Bu qanun yalnız abidələrin mühafizəsini deyil, həm də onların öyrənilməsi və düzgün istifadə olunması ilə bağlı münasibətləri müəyyən edir. Tarixi və mədəniyyət abidələri dedikdə arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik materiallar, incəsənət nümunələri, antropoloji tapıntılar, eləcə də tarixi hadisə və şəxsiyyətlərlə bağlı bina və xatirə yerləri nəzərdə tutulur. Bu irs xalqın yaddaşı, kimliyi və mənəvi dəyərlərinin daşıyıcısıdır".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib.

Deputat vurğulayıb ki, abidələrin qorunması sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası, xüsusi qanunlar və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr əsasında formalaşır. 

“Tarixi və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və ya zədələnməsi isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 246-cı maddəsinə əsasən məsuliyyət yaradır və bu, cərimə və ya azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Son zamanlar cəmiyyətdə geniş müzakirələrə səbəb olan məsələlərdən biri də tarixi binalarda qrafitinin tətbiqidir. Xüsusilə, Nizami Kino Mərkəzinin binasında çəkilən qrafitilər bu mövzunu yenidən aktuallaşdırdı. Bu hadisə vacib bir sualı gündəmə gətirdi. Qrafiti mədəniyyət göstəricisidirmi, yoxsa şəhər mühitinə zərər verən davranış forması"?

Əslində qrafiti müasir incəsənətin bir qoludur. Qərb ölkələrində bu sənət növü fərdi ifadə vasitəsi, sosial mesajların çatdırılması və şəhər estetikasının bir hissəsi kimi qəbul olunur. Berlin, London, Nyu-York kimi şəhərlərdə qrafiti üçün xüsusi zonalar ayrılır və bu sahədə çalışan rəssamlar beynəlxalq səviyyədə tanınırlar. Belə mühitdə qrafiti vandalizm deyil, nəzarətli və dəyərli incəsənət forması hesab olunur:

“Lakin məsələ tarixi abidələrə gəldikdə yanaşma kökündən dəyişir. Tarixi binalar sadəcə daş və divarlardan ibarət deyil – onlar xalqın keçmişinin canlı şahidləridir. Bu baxımdan İçərişəhər və ya Nizami Kino Mərkəzi kimi məkanlara müdaxilə yalnız estetik pozuntu deyil, həm də mədəniyyətə hörmətsizlik kimi qiymətləndirilir. Belə hallarda qrafiti artıq incəsənət deyil, açıq şəkildə vandalizmə çevrilir”.

Ü.Həmzəyeva qeyd edib ki, qrafitinin arxasında çox vaxt gənclərin özünü ifadə etmək istəyi dayanır:

“Uyğun platforma olmadıqda bu enerji yanlış istiqamətə yönəlir. Bəzən isə məsələ ümumiyyətlə yaradıcılıqdan çox, düşünülməmiş davranış və təsadüfi hərəkətlərlə bağlı olur”.

Deputat problemin həll yollarından da danışıb:

“Bu problemin həlli qadağalarla deyil, düzgün yönləndirmə ilə mümkündür. Gənclərlə maarifləndirici iş aparmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və ən əsası, qanuni küçə incəsənəti məkanları yaratmaq vacibdir. Müasir rayonlarda, sənaye zonalarında və boş divarlarda qrafiti üçün xüsusi sahələr ayrılarsa, həm şəhərin estetik görünüşü qorunar, həm də gənclər özlərini sərbəst ifadə edə bilərlər.

1510933
Nəticə etibarilə, qrafiti nə tam müsbət, nə də tam mənfi hadisədir. Onun dəyəri kontekstdən asılıdır. Düzgün idarə olunduqda qrafiti şəhərə rəng və dinamika qatır, nəzarətsiz tətbiq edildikdə isə mədəni irsə zərər verir. Əsas məsələ qrafitinin özü deyil, onun harada və necə tətbiq olunmasıdır. Təbii çəkilən fotolarda mən rəssam olaraq sənət nümunəsi görmədim və bu halda qrafiti artıq incəsənət deyil, açıq şəkildə vandalizm hesab olunur. Gənclərlə ciddi iş aparmaq, məlumatlandırmaq və cəza olaraq korladıqları divarı professionallarla birgə yeniləməklə işin ağırlığını dərk elətdirmək lazımdır. Küçə incəsənəti layihələri dəstəklənməli, estetik və mədəni dəyərlər barədə maarifləndirmə aparılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı