Modern.az

Türk dünyasının birliyi artıq qlobal gücə çevrilir

Türk dünyasının birliyi artıq qlobal gücə çevrilir

Aktual

Bu gün, 18:00

Türk Dövlətləri Təşkilatı artıq dünyada vahid və təsirli gücə çevrilməkdədir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, təşkilat siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq sahələrinə böyük önəm verməklə yanaşı, bəşəriyyəti düşündürən mühüm problemləri də gündəmə gətirir:

“Ortaq mədəniyyət, dil və tarix üzərində qurulan əməkdaşlığın sonradan nəqliyyat, enerji və ticarət layihələrini əhatə etməsi, bu gün isə siyasi və təhlükəsizlik məsələlərinin ön plana çıxması təşkilatın artan rolundan və nüfuzundan xəbər verir”.

Deputat qeyd edib ki, hökumət başçılarının Bişkekdə keçirilən birinci görüşü təşkilatın formalaşmasında mühüm mərhələ olub:

“Bu görüş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nümayəndələrinin toplantısında yüksək qiymətləndirildi və gələcək inkişafın yeni istiqamətləri müəyyən edildi. Artıq türk dünyasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyub və üzv dövlətlər qlobal məsələlərdə vahid platformadan çıxış edirlər”.

Tahir Rzayev vurğulayıb ki, üzv ölkələr arasında iqtisadi əməkdaşlıq da sürətlə genişlənir:

“Ticarət dövriyyəsinin artması, sərmayə qoyuluşunun təşviqi, biznes mühitinin liberallaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı, eləcə də ağır sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi bunun bariz nümunəsidir. Bakı görüşündə nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya, innovasiya, turizm, humanitar və təhsil sahələri xüsusi diqqət mərkəzində olub”.

Komitə sədri əlavə edib ki, xüsusilə təhlükəsizlik və sülh məsələlərinə verilən önəm türk dövlətlərinin gələcək inkişafına hesablanıb:

“Bu yanaşma xalqların rifahına, dövlətlərin sabitliyinə və uzunmüddətli əməkdaşlığa xidmət edir”.

Deputat Azərbaycan Prezidenti İlham Əliyevin bu təşkilata xüsusi önəm verdiyini də xatırladıb:

“Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfələr verib və bundan sonra da verəcək. Türk dünyası bizim ailəmizdir və bu istiqamət xarici siyasətimizin əsas prioritetlərindən biridir”.

Sonda Tahir Rzayev bildirib ki, türk dövlətlərinin birliyi və möhkəmlənməsi həm milli təhlükəsizlik, həm də regionda sabitlik və iqtisadi inkişaf baxımından böyük əhəmiyyət daşıyır:

“Bu birlik hər birimizi sevindirir və gələcəyə olan inamımızı daha da gücləndirir”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı