Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın rəsmi şəxslərinin son açıqlamalarına münasibət bildirib və ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilən bəyanatlara etiraz edib.
Modern.az xəbər verir ki, XİN-in yaydığı məlumata görə, 1 aprel tarixində Moskvada keçirilmiş görüş – Vladimir Putin ilə Nikol Paşinyan arasında baş tutan danışıqlardan sonra Rusiya rəsmilərinin çıxışlarında Azərbaycanın daxili məsələlərinə toxunulub.
Nazirlik qeyd edib ki, diplomatik kanallar vasitəsilə Rusiyanın rəsmi qurumlarına – Prezident Administrasiyası, hökumət və XİN səviyyəsində Azərbaycanın mövqeyi çatdırılıb. Bu mövqeyə əsasən, Qarabağ mövzusundan siyasi spekulyasiya aləti kimi istifadə edilməsi qəbuledilməzdir və bu cür yanaşmanın dayandırılması gözlənilir.

Buna baxmayaraq, məsələ Rusiya tərəfinin siyasi diskursunda qalmaqda davam edir. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərindən danışarkən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi hansı ölkə tərəfindən ilk tanınması məsələsinə toxunub.
Azərbaycan XİN vurğulayıb ki, Qarabağ bölgəsinin ölkənin ayrılmaz hissəsi olması hər hansı dövlətin qərarına deyil, tarixə, beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslanır. Bu reallıq həm 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ildə keçirilmiş Antiterror tədbirləri nəticəsində bir daha təsdiqlənib.
Nazirlik əlavə edib ki, Rusiya da daxil olmaqla, heç bir ölkə heç bir dövrdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini şübhə altına almayıb.
Sonda XİN rəsmi Moskvaya çağırış edərək bildirib ki, Azərbaycanın suverenliyinə aid məsələlər, xüsusilə Rusiya-Ermənistan münasibətlərinin mürəkkəb olduğu bir vaxtda, ictimai müzakirə predmetinə çevrilməməlidir.