Modern.az

Kaş Balayan ölməyəydi

Aktual

Bu gün, 09:03

Zori Balayan öldü. Bu xəbər yayılan kimi sosial mediada qəribə, ziddiyyətli bir mənzərə yarandı. Kimisi yas saxladı, kimisi onu lənətlədi, kimisi isə susmağı seçdi. Amma susanlar da anlayır ki, bu, adi bir insanın ölümü deyil. Bu, bir ideologiyanın sonudur.

Balayanı normal bir insan kimi qəbul etmək olmaz. O, düşmənçilik üzərində qurulan bir ideyanın daşıyıcısı idi. Bu ideya illərlə regionu qarşıdurma içində saxladı. Xalqları bir-birinə qırdırdı.

Onun kimliyinə də sadə yanaşmaq olmaz. O, sovet sistemində yetişib, sonradan radikal millətçi xəttin ən fəal təbliğatçılarından birinə çevrilmişdi. Özünü alim kimi təqdim edirdi. Yazdıqları isə elmi həqiqətlərdən uzaq idi, daha doğrusu ideoloji məqsədlərə xidmət edirdi.

O, tarixi araşdırmırdı, dəyişdirirdi. Tarixdə öz məqsədini “yaradırdı”. Onun mətnlərində mif üstünlük təşkil edirdi. Bu miflər düşüncələri zəhərlədi. Bu miflərin mərkəzində “Böyük Ermənistan” xülyası dayanırdı. “Böyük Ermənistan” başqa xalqların torpaqlarına iddia, gələcək nəsillərə ötürülən düşmənçilik, regionu inkişafdan saxlayan zəhərli ideologiya idi.

Balayan bu ideyanın tək müəllifi olmasa da, onun təsirli daşıyıcılarından idi. Onun sözləri insanlara münaqişə öyrədirdi.

Bu ideologiyanın ən faciəli nəticələrindən biri Xocalı soyqırımı oldu. Xocalı insanlığa qarşı törədilmiş cinayətin adıdır. Və əlbəttə ki, bu, illərlə formalaşdırılan nifrət ideologiyasının nəticəsi idi.


Balayan bu soyqırımına qarşı nəinki insanlıq mövqeyi göstərdi, əksinə, bundan ruhlandı, qan-qadanı erməni xoşbəxtliyi kimi təqdim etdi. Bu, onun kimliyini açıq şəkildə ortaya qoydu.

Tarix bəzən gecikir, bu mümkündür, amma bir gün cavabını verir.

2020-ci il gəldi. Azərbaycan xalqı ərazi bütövlüyü uğrunda ayağa qalxdı. Həqiqət qələbə çaldı, miflər dağıldı.

Balayan illərlə qurduğu xülyanın necə dağıldığını, Şuşanın azadlığını, Laçının, Kəlbəcərin, Xankəndinin gerçəkliyini gördü. Xocalı soyqırımı şahidlərinin öz doğma evlərinə qayıtdığını uzaqdan seyr etdi. Xocalıya qayıdan hər bir insan Balayan ideologiyasına verilən ən ağır cavab idi.

Məhz buna görə mənim Zori Balayanla bağlı arzularım dəyişdi. Onun törətdiyi cinayətlərə görə əvvəllər güllələnməsini arzulayırdımsa, 44 günlük Zəfər savaşından sonra istəmədim ki, Balayan ölsün.

Kaş o hələ çox yaşayaydı. Kaş o, hər gün Qarabağ mənzərəsini görəydi. Kaş o, hər gün Xocalıya qayıdan insanların sevincini izləyəydi. Kaş o, qurduğu ideologiyanın erməniləri necə məhv etdiyinə hər gün tamaşa edəydi.

Təəssüf ki, ölüm Balayanı xilas etdi. O, özünün yaratdığı həqiqətlə uzun müddət üz-üzə qalmaqdan qurtuldu.

Azərbaycanda Balayan adı ağrı ilə xatırlanır. Çünki onun yaydığı düşüncə bu torpaqlarda qan axıtdı. Qaçqınlar, köçkünlər, dağılan şəhərlər, itirilən həyatların arxasında bu ideologiya dayanır.

Ermənilər üçün ən acı həqiqət isə budur ki, bu ideologiya Ermənistanı inkişafdan saxladı, onu təcrid etdi, müharibədən-müharibəyə sürüklədi. Nəticədə Ermənistan kapitulyasiya imzalamağa məcbur oldu.

Kaş Balayan ölməyəydi.

Kaş o, hər gün Xankəndiyə baxaydı.

Kaş o, Laçına, Kəlbəcərə, Şuşaya baxıb həqiqəti hər gün görəydi.

Kaş o, hər gün Xocalıya qayıdan insanların addım səslərini eşidəydi.

Kaş Balayan bu həqiqətlərlə yaşayıb bir gündə min dəfə öləydi.

Bir dəfə ölüb canını qurtarmayaydı.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı