ABŞ, İran və bir qrup regional vasitəçi mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edir.
Modern.az xəbər verir ki, “Axios” portalının məlumatına görə, bu atəşkəs münaqişənin tam başa çatmasına gətirib çıxara bilər.
Məlumata əsasən, danışıqlar Pakistan, Misir və Türkiyə vasitəçiliyi ilə aparılır. Eyni zamanda, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında mesajlaşma yolu ilə də əlaqə saxlanılır.
Mənbələrin fikrincə, yaxın 48 saat ərzində qismən razılaşmanın əldə olunma ehtimalı aşağıdır.
Bir amerikalı rəsmi bildirib ki, Donald Tramp administrasiyası son günlər Tehrana bir neçə təklif göndərib, lakin İran rəsmiləri hələlik onları qəbul etməyiblər.
Mənbələrin sözlərinə görə, vasitəçilər tərəflərlə iki mərhələli razılaşmanın şərtlərini müzakirə edirlər. Birinci mərhələdə 45 günlük atəşkəs mümkündür.
Mənbələrdən birinin sözlərinə görə, danışıqlar üçün daha çox vaxt lazım olarsa, atəşkəs rejimi uzadıla bilər.
“Axios”un məlumatına görə, ikinci mərhələ münaqişənin tam dayandırılması barədə yekun razılaşmanın əldə olunması ola bilər.
Mənbələrin bildirdiyinə görə, vasitəçilər hesab edirlər ki, Hörmüz boğazının tam açılması və yüksək zənginləşdirilmiş uran probleminin həlli yalnız yekun razılaşma nəticəsində mümkün olacaq.
Portal qeyd edir ki, vasitəçilər Donald Tramp administrasiyasının İrana atəşkəsin müvəqqəti olmayacağı və müharibənin yenidən başlamayacağına zəmanət verməsi üçün ata biləcəyi addımlar üzərində işləyirlər. İran rəsmiləri isə vasitəçilərə açıq şəkildə bildiriblər ki, Qəzza və ya Livandakı vəziyyətə bənzər bir ssenaridə olmaq istəmirlər.