Modern.az

Dolu düşməsi 10 dəfə artıb: yağıntılar məhsuldarlığa necə təsir edəcək? 

Dolu düşməsi 10 dəfə artıb: yağıntılar məhsuldarlığa necə təsir edəcək? 

Aktual

Bu gün, 15:28

Artıq iki gündür paytaxt və regionlarda yenidən yağıntılı hava şəraiti müşahidə olunur. Bu cür intensiv yağıntılar həm qlobal miqyasda, eləcə də ölkə daxilində ekoloji mühitə birbaşa təsir göstərən faktorlardan biri kimi diqqət çəkir. Yağıntıların davamlı xarakter alması yaz fəslinin gəlişinin gecikməsi ilə bağlı müzakirələri də aktuallaşdırır. Xüsusilə torpaq rütubətinin artması, əkin sahələrinin vəziyyəti və məhsuldarlıq perspektivi ilə bağlı suallar da ön plana çıxır. 

Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, “normadan artıq yağış” məsələsi son vaxtlar məmurlar tərəfindən tez-tez səsləndirilir.

"Hətta Milli Hidrometeorologiya Xidmətinin rəhbərləri də bu ifadələri işlədirlər. Amma reallıq ondan ibarətdir ki, yağışın konkret “norması”nı heç bir qurum müəyyən etmir. Bu mümkün deyil və sadəcə süni yaradılmış bir fikirdir.

Son illərdə, xüsusilə XX əsrin 80-ci illərindən sonra qlobal istiləşmənin təsiri daha aydın hiss olunurdu. Bunun nəticəsində intensiv yağıntıların tezliyi artıb. Yəni daha çox və daha güclü yağışlar müşahidə edilir. Bu baxımdan “normadan artıq yağış” ifadəsini işlətmək düzgün yanaşma deyil, çünki həmin normanın özü konkret şəkildə müəyyən olunmayıb". 

Mütəxəssisin fikrincə, kənd təsərrüfatında əsas problem isə yağış deyil, su resurslarının düzgün idarə olunmamasıdır:

"Azərbaycanda mövcud su ehtiyatlarından səmərəli istifadə edilmir. Bu səbəbdən məhsuldarlıq  da, məhsulun keyfiyyəti də aşağı qalır. Nümunə olaraq, bizdə buğda məhsuldarlığı bəzi hallarda 30 sentnerdən aşağı olduğu halda, iqlim baxımından Azərbaycandan daha isti olan Özbəkistanda bu göstərici 50 sentnerdən yuxarıdır. Hətta  bu yaxınlarda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dindarları dəvət edərək, onlardan yağmur duasını oxumağını söyləmişdi. Baxmayaraq ki, Özbəkistanda da su qıtlığı müşahidə olunmur, lakin onların da suya ehtiyacı var. Bununla belə, məhsuldarlıq az su resursunun səmərli istifadəsi baxımından yüksək səviyyədədir. Bu da onu göstərir ki, məsələ iqlimdən daha çox, idarəetmə ilə bağlıdır".

O həmçinin vurğulayıb ki, intensiv yağışların kənd təsərrüfatına, xüsusilə bitkiçiliyə təsiri əsasən müsbətdir.

"Xüsusilə yaz mövsümündə bitkilərin suya ehtiyacı artır və bu dövrdə yağan yağışlar məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Əgər hava şəraiti bundan sonra normal keçərsə, bu il ot istehsalında, bitkiçilikdə məhsuldarlığın artacağı gözlənilir. Bəzi ərazilərdə, xüsusən dəniz səviyyəsindən aşağı zonalarda su basma halları müşahidə olunur. Amma bu, daha çox planlaşdırma məsələsidir. Əvvəlcədən nəzərə alınmalı idi ki, suyun axın istiqamətləri dəyişmir və həmin ərazilərdə tikinti aparılarkən bu risklər hesablanmalıdır. Proqnozlarda bəzən düzgün və vaxtında təqdim olunmur. Bu yağıntılar son deyil və bundan sonra da intensiv yağışlar yenə də davam edəcək".

V.Məhərrəmli eyni zamanda digər tərəfdən, iqlim dəyişiklikləri fonunda dolu hadisələrinin də artdığı müşahidə olunmasına da diqqət çəkib:

"Son illərdə dolunun düşmə tezliyi əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlib. Hətta biz dolu düşməsinin 10 dəfə artdığını da görürük. Ümumiyyətlə, kənd təsərrüfatında məhsuldarlığın azalmasını yalnız hava şəraiti ilə əlaqələndirmək doğru deyil. Məsələn, ötən il buğda istehsalında 75 min ton olmaqla, azalma qeydə alınıb və bu, təkcə yağıntılarla izah oluna bilməz.

Əsas məsələ intensiv yağışların yaratdığı imkanlardan düzgün istifadə etməkdir. Yağış sularının toplanması üçün süni göllər və su anbarları yaradılmalıdır. Azərbaycanda bunun üçün kifayət qədər imkan var. Su düzgün idarə olunarsa, nə ziyan olar, nə də itki. Əksinə, bu, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərə bilər", - deyə ekspert qeyd edib.

Ətraf mühit məsələləri üzrə eskpert Rövşən Abbasov isə hesab edir ki, normadan artıq yağıntılı hava şəraiti həm dünyada, həm də Azərbaycanda ümumi ekoloji vəziyyətə ikitərəfli təsir göstərir.

"Bir tərəfdən, yağıntının çox olması su ehtiyatlarının artmasına, çay və su anbarlarının dolmasına, torpağın rütubət balansının yaxşılaşmasına və quraqlıq riskinin azalmasına səbəb olur. Bu, xüsusilə kənd təsərrüfatı üçün müəyyən dövrlərdə əlverişli şərait yarada bilər. Lakin digər tərəfdən, həddindən artıq yağıntı ciddi mənfi nəticələr doğurur: sel və daşqınlar baş verir, torpağın münbit qatı yuyularaq eroziya güclənir, dağlıq ərazilərdə torpaq sürüşmələri artır və çirkləndirici maddələr su hövzələrinə daşınaraq ekosistemlərə zərər verir".

Ekspert eyni zamanda bu il yaz fəslinin gecikməsi və mövcud hava şəraitinin mümkün təsirləriylə bağlı məsələyə də aydınlıq gətirib:

"Hazırkı yaz fəslinin gecikməsi ilə bağlı qeyd etmək lazımdır ki, yaz astronomik baxımdan gecikmir. Belə ki, yaz həmişə olduğu kimi mart ayında başlayır. Sadəcə olaraq, havanın normadan daha sərin və yağıntılı keçməsi insanlarda yazın gec gəldiyi təəssüratını yaradır. Yəni bu, real gecikmə deyil, hava şəraitinin dəyişkənliyi ilə bağlıdır.

Normadan artıq yağıntılı hava şəraitinin əsas fəsadları isə daha çox praktiki və ekoloji problemlərlə bağlıdır. Şəhərlərdə su basmaları və nəqliyyat çətinlikləri yaranır, kənd təsərrüfatı sahələrinə ziyan dəyir, infrastruktur zədələnir və yüksək rütubət bəzi xəstəliklərin yayılmasını sürətləndirə bilər. Nəticə etibarilə, belə hava şəraiti həm faydalı, həm də təhlükəli təsirlər yaratsa da, onun mənfi nəticələri çox zaman daha ciddi və genişmiqyaslı olur".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!