Modern.az

"Metsamor" AES seysmik qırılma xəttinin 500 metrliyində yerləşir

"Metsamor" AES seysmik qırılma xəttinin 500 metrliyində yerləşir

Aktual

Bu gün, 14:06

“Metsamor” Atom Elektrik Stansiyası Sovet dövründə tikilməsi planlaşdırılan nüvə obyektlərindən biridir. Lakin bu stansiya ilə bağlı əsas narahatlıq onun köhnə texnologiya əsasında inşa olunması və seysmik cəhətdən aktiv zonada yerləşməsidir”.

Bu fikirləri Modern.az-a müsahibəsində Fizika İnstitutu Publik Hüquqi Şəxs Radioekologiya və Radiobiologiya Labarotoriyasının müdiri Famil Hümbətov bildirib.

Onun sözlərinə görə, “Metsamor” AES-in yerləşdiyi ərazidən 5 seysmik qırılma xətti keçir:

“Hətta stansiyanın tikintisinə 1969-cu ildə başlanarkən SSRİ Elmlər Akademiyasının bir sıra mütəxəssisləri həmin ərazidə atom elektrik stansiyasının inşasına etiraz ediblər. Buna baxmayaraq, qərar siyasi müstəvidə qəbul olunub və layihə reallaşdırılıb. Sonradan Spitak zəlzələsi zamanı baş verənlər bu narahatlıqların əsassız olmadığını göstərib”.

O həmçinin vurğulayıb ki, hazırda “Metsamor” AES-in yaxınlığından keçən seysmik qırılma xətlərindən biri ilə stansiya arasında məsafənin cəmi 500 metr olduğu bildirilir:

“Bu isə obyektin daim risk altında olduğunu göstərir. Spitak zəlzələsindən sonra “Metsamor” AES-in fəaliyyəti dayandırılsa da, sonradan yenidən bərpa edilib. Bərpa işləri əsasən idarəetmə sistemlərinin müəyyən qədər yenilənməsi və tikilinin təmiri ilə məhdudlaşıb. Lakin bu tədbirlər stansiyanın texnoloji baxımdan tam təhlükəsiz reaktora çevrilməsini təmin etmir.

Avropa Komissiyasının 2021-ci ildə “Metsamor” AES-lə bağlı qəbul etdiyi mövqedə də qeyd olunub ki, aparılan təmir və modernləşdirmə işlərinə baxmayaraq, stansiyanın texnoloji baxımdan tam təhlükəsiz hala gətirilməsi mümkün deyil”.

F.Hümbətov onu da xatırladıb ki, Ermənistan hökuməti “Metsamor” AES-in istismar müddətini 2036-cı ilədək uzatmağı planlaşdırır:

“Qeyd olunmalıdır ki, Ermənistanın, habelə istənilən ölkənin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var. Lakin atom elektrik stansiyaları eyni zamanda yüksək risk mənbəyi hesab olunur. “Metsamor” AES təxminən 7 bal gücündə zəlzələyə hesablanıb. Halbuki müasir seysmik qiymətləndirmələrə görə, həmin ərazidə zəlzələlərin gücü 8-9 baladək çata bilər. Bu isə region üçün ciddi təhlükə yaradır. Elə bu səbəbdən də “Metsamor” Atom Elektrik Stansiyası xüsusi nəzarətdə saxlanılması və fəaliyyətinin məhdudlaşdırılması tələb olunan obyektlər sırasında qiymətləndirilir”, - deyə o fikrini tamamlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ