Rusiyalı milyarder, Telegram-ın qurucusu Pavel Durov məşhur podkaster Leks Fridmana dörd saatlıq müsahibə verib.
Modern.az xəbər verir ki, Telegram-ın qurucusu müsahibə zamanı bir sıra mövzularda danışıb. O, sperma donoru olmaq qərarını da müzakirə edib, niyə bütün bioloji övladlarını vəsiyyətnaməsinə daxil etdiyini və varislərinin pulu niyə yalnız yetkinlik yaşına çatdıqdan sonra alacağını izah edib.
Övladlarının sayı barədə suala Durov belə cavab verib: "Həqiqət budur ki, nə qədər bioloji uşağım olduğunu bilmirəm”.
Milyarder deyib ki, hələ 15 il əvvəl bir dostu ona həyat yoldaşından uşaq sahibi ola bilməsi üçün sperma verməklə bağlı müraciət edib. Əvvəlcə qəribə görünsə də, Durov sonradan problemin ciddiliyini anlayıb və kömək etməyə razı olub. O, sonradan digər ailələrə də belə kömək edib.
"Bununla inanılmaz dərəcədə qürur duyduğumu deyə bilmərəm, amma hesab edirəm ki, bu, düzgün qərar idi", - Durov deyib.
Vəsiyyətindən danışan Durov vurğulayıb ki, o, "bioloji" övladları ilə donorluq yolu ilə doğulanlar arasında fərq qoymur.
"Əgər onlar bizim DNT-ni paylaşdığımızı sübut edə bilsələr, o zaman bir gün, mənim ölümümdən sonra mirasdan pay almaq hüququ qazanmalıdırlar".
Açıqlamadan sonra milyarder övladları olduğunu iddia edən insanlardan çoxlu mesajlar, eləcə də onları övladlığa götürmək üçün ironik istəklər alıb.
O, mirasın nə üçün yalnız yetkinlik yaşına çatdıqda övladlarına veriləcəyini də izah edib.
"Həddindən artıq hərəkət motivasiyanı və iradəni zəiflədir. Xüsusilə oğlanların öz nailiyyətləri ilə deyil, atalarının sərvətləri ilə fəxr etmələri son dərəcə zərərlidir".
Durov nəhəng sərvətini 100 və ya daha çox varis arasında bölüşdürmək qərarına gəlib və söhbət milyonlardan gedir.
İyun ayında Durov vəsiyyətnamə tərtib edərək, mirasını altı öz övladı və yüzə yaxın bioloji övladı arasında bölüşdürmək qərarını açıqlayıb. O, əvvəllər altı övladının olduğunu ilk dəfə rəsmən təsdiqləyib. Əvvəllər beşi məlum idi: ikisi Daria Bondarenko ilə evliliyindən və üçü İrina Bolqardan. Model Diana Bako ilə münasibətindən altıncı övladının olması barədə də söz-söhbətlər var idi.
Bloomberg Milyarderlər İndeksinə görə, Durovun sərvəti 15,1 milyard dollardır.