Modern.az

Pakistanın Ermənistanla bağlı addımını dəstəkləməliyik - DEPUTAT

Pakistanın Ermənistanla bağlı addımını dəstəkləməliyik - DEPUTAT

Analitika

11 Sentyabr 2025, 17:30

Pakistan BMT çərçivəsində Ermənistanı tanımağı planlaşdırır. Məlumata əsasən, prosedurlar bir neçə həftə və ya ay çəkə bilər. Diplomatik mənbələr bildirirlər ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra bu prosesin qarşısında maneə qalmayıb.

Xatırladaq ki, 31 avqustda Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Pakistanın XİN rəhbəri İshaq Dar görüş keçirib. Görüşün yekununda iki ölkə diplomatik münasibətlərin qurulması barədə kommünike imzalayıb.

Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra Ermənistanın Pakistanla diplomatik əlaqələri olmayıb.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Pakistan İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanla Ermənistan münasibətləri normallaşır:

“Eyni zamanda Ermənistan-Türkiyə münasibətləri də normallaşmaqdadır. O kontekstdə, Pakistanla Ermənistan arasında belə bir yaxınlaşma, normallaşma önəmlidir. Nə üçün? Çünki biz Ermənistanı təcrid etmək yox, onunla münasibətləri normallaşdırmaq barədə düşünməliyik. Münasibətlərin normallaşması çox vacibdir. Bu istiqamətdə mütləq addımlar atmalıyıq”.

Deputat vurğulayıb ki, Pakistanın addımı Azərbaycan tərəfindən alqışlanmalı və dətəklənməlidir:

“Ona görə də Pakistanın bu addımı normaldır və biz bunu dəstəkləməli, alqışlamalıyıq. Bu prosesdə ona fəal şəkildə dəstək verməliyik. Müharibə bitib, əsrlər, illər boyu müharibə edəsi deyilik. Müharibə bitdiyinə görə artıq  münasibətləri normallaşdırmalıyıq”.

Politoloq Natiq Miri isə söyləyib ki,  Azərbaycan Prezidenti 8 avqustda Vaşinqtonda sülh sənədi və bəyannamənin imzalama prosesində suallara verdiyi cavabda bu proseslərə toxunub:

“Bəyannamənin imzalanmasından sonra Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında sülh mövcuddur. Bu, dolayısı ilə qarşılıqlı ittihamların və müharibənin bitdiyinə işarədir.  Eyni zamanda bu, həm də Azərbaycanın qardaş və dost ölkələrinə verdiyi mesajdır. Bu gün Türkiyə Ermənistanla sərhədlərin, eləcə də bəzi komunikasiyaların açılmasına hazır görsənir. Məlum olduğu kimi Ermənistan və Türkiyə işçi qrupunun rəhbəri Sərdar Kılıç Ermənistana səfər edəcək və bu mövzular müzakirə olunacaq. Düşünürəm ki, danışıqlar müsbət keçəcək. Yəni praktiki fəaliyyətə başlanılır. Başqa bir tərəfdə Pakistan Ermənistanı tanmaq kimi hüquqi prosedurlara başlamağa hazır olduğunu bildirib. Bütün bunların kökündə əmin olun Azərbaycanla razılaşma və ölkəmizin prosesdə bilavasitə siyasi iradəsi dayanır. Azərbaycan razılaşmasaydı, belə addımların atılmasını istəməsəydi, əmin olun ki, yenə də Pakistan-Ermənistan münasibətləri qurulmaz, Türkiyənin Ermənistanla sərhədləri açma prosesi də olduğu yerdə qalardı. Buna görə də, Pakistanın bu addımını müsbət dəyərləndiririk. Çünki 8 avqust görüşündə, eləcə də Şanxay əməkdaşlıq Təşkilatında iki ölkənin liderlərinin və birinci xanımların verdiyi görüntülər dünyaya verilən sülh mesajlarıydı”.

Politoloq qeyd edib ki, həqiqətən, niyyətdə sülh varsa, bundan doğan digər məsələləri həll etmək çox asan olacaq:

“8 avqust Vaşinqton görüşündə planlaşdırılırdı ki, sentyabr ayından danışıqlar intensivləşsin. Bu yöndə addımların atıldığını görürük. Bir yanda Azərbaycan-Ermənistan baş nazirləri səviyyəsində danışıqlar, eyni zamanda sərhədlərin delimitasiyası, minaların təmizlənməsinin və kommunikasiyaların açılmasının müzakirə edilməsini, eləcə də razılaşmalardan doğan digər proseslərin də intensivləşib, icraata yönəlməsini görürük. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı hərəkətlənməni müşahidə edirik. Bu da bilavasitə sülh niyyətinin nəticəsi olaraq mövcuddur. Yəni bu həftə Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-dən xüsusi nümayəndənin Ermənistana gəlməsi gözlənilir. Eyni zamanda Orta Dəhliz və onun fəaliyyəti, bu kontekstdə ABŞ-dən ölkəmizə nümayəndələrin gəlməsi göstərir ki, bəli, artıq Orta dəhlizin və Azərbaycanın dəmiryolu və digər infrastrukturların imkanları yoxlanılır. Artıq buzun yerindən tərpəndiyini demək olar. Əlbəttə, bu razılaşmalar praktiki olaraq fəaliyyətdə özünü göstərərsə, danışıq və razılaşmaların işlək olacağını qeyd etmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat