Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Əsas mövzu AZAL təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması olub. Putin görüşə bu məsələ ilə başlamağı təklif edib və bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb.
Rusiya Prezidenti həmçinin vurğulayıb ki, hadisə ilə bağlı bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək və qəzaya səbəb olan bütün amillər obyektiv şəkildə araşdırılacaq.
O, kompensasiya ilə bağlı da müvafiq addımların atılacağını diqqətə çatdırıb.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Rasim Musabəyov bildirib ki, Putinin təyyarənin vurulması ilə bağlı etirafı münasibətlərin daha da pisləşməsinin qarşısını almağa və qarşılıqlı fayda verən layihələrin davam etdirilməsi üçün müsbət təsir göstərəcək:
“Mən yalnız bu görüşlə münasibətləri əvvəlki duruma qayıdacağının mümkün olacağını düşünmürəm. Putinin təyyarənin vurulması ilə bağlı etirafının münasibətlərin pisləşməsinin qarşısının alındığı bir halda ikitərəfli münasibətlərdə qarşılıqlı fayda verən layihələrin davam etdirilməsi üçün müsbət təsir göstərə biləcəyini düşünürəm”.
Deputat vurğulayıb ki, Rusiyanın artıq üzrxahlıq etdiyini hesab etmək olar:
“Hazırda kompensasiyanın verilməsi və hadisəni törədənlərin cəzalandırılması məsələləri var. Üstəlik onların vəzifələrini də artırıblar. Hər bir halda bu istiqamətlərdə Rusiya tərəfindən müsbət addımlar atılır. Hər bir halda Azərbaycan süni şəkildə münasibətlərin gərgin qalmasını lüzum bilmir. Rusiya öz günahını etiraf edib, lazımı bütün addımları atdığı halda hesab edirəm ki, münasibətlərimizin pisləşməsinin demək olar ki, qarşısı alına bilər. Nələri düzəldib, irəliyə doğru addımlar atmaq məsələləri isə sonranın işidir”.