Modern.az

Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq

Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq

Dünya

13 Oktyabr 2025, 16:46

Bu gün Misirin Şarm Əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilir. Tədbirdə 20-dən çox ölkənin lideri iştirak edir.

Görüşdə İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin davamlılığının təmin olunması, eləcə də Qəzza zolağında yaranmış humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində növbəti addımlar müzakirə ediləcək.

Azərbaycanın yenidənqurma və bərpa işlərində böyük təcrübəyə malik olduğu artıq təkzibedilməz faktdır. Ölkəmiz işğaldan azad etdiyi ərazilərində böyük bərpa-quruculuq işləri görür. Təkcə beş ildə beynəlxalq aeroportlar, yollar tikilib və lazimi infrasturukturlar qurulub.  

Bu baxımdan Azərbaycanın da Qəzzanın yenidən qurulmasında iştirakı məsələsi istisa edilmir.

Modern.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan Prezidentinin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması çox böyük məna kəsb edir:

“Yaxın Şərq dünya tarixində həmişə qaynar nöqtələrdən biri olub. On illərlə uzanan münaqişələrin artıq həll edilməsi, bundan sonrakı proseslərin daha çox sülh quruculuğu ilə bağlı olması, Qəzzada böyük bərpa-quruculuq işlərinin aparılması sammitin gündəmidir. Azərbaycan Prezidentinin tədbirə dəvət olunması bir sıra mətləblərdən xəbər verir. Əvvəla, Azərbaycanın sülh müqaviləsindəki rolu kifayət qədər aktiv olub. Ölkəmiz bu sahədə təcrübəyə malikdir. Vasitəçilik və digər sahələrdə də Azərbaycanın hər zaman aktiv olduğunu nəzərə almaq lazımdır. Bu təcrübə və bacarıqdan istifadə etmək və yararlanmaqla Yaxın Şərqdə sülh prosesinə töhfə vermək olar. Digər tərəfdən, bərpa-quruculuq işlərində də Azərbaycanın rolu kifayət qədərdir. Torpaqlarımızın vaxtilə beşdə biri işğal altında olub. Ərazilərimizi işğaldan azad etdikdən sonra orada böyük bərpa-quruculuq işlərinin uğurlu şəkildə həyata keçirilməsi, Azərbaycanın bu sahədə də böyük təcrübəyə malik olduğunu göstərən haldır.
Eyni zamanda, Suriyada uzun çəkən müharibədən sonra artıq sülh dövrünün başladığını və orada da bərpa-quruculuq işlərində Azərbaycan şirkətlərinin iştirakının nəzərdə tutulduğunu yaddan çıxarmayaq.
Ölkəmizin bu təcrübəsindən və bacarığından məhz Qəzzanın da bərpa-quruculuq işlərində istifadə etmək ümumi prosesə töhfə verə bilər”.

Deputat vurğulayıb ki, böyük ehtimalla Azərbaycanın da hansısa formada Qəzzaya cəlb olunması gözlənilir:

“İstər həmin ərazilərin təbii qazla təchiz olunması, eyni zamanda humanitar xarakterli missiyaların da həyata keçirilməsi Azərbaycanın bilavasitə artıq bu gün Suriya timsalında icra etdiyi prioritetlərdəndir. Düşünürəm ki, Qəzzada da gələcəkdə böyük bir ərazidə bərpa-quruculuq işləri, eyni zamanda digər humanitar xarakterli missiyaların həyata keçirilməsi sammitin gündəliyini ehtiva edəcək. Ola bilər ki, bu prosesdə də Azərbaycanın iştirakı nəzərdə tutulsun. Xüsuilə də Azərbaycan-Fələstin münasibətləri nöqteyi-nəzərdən məsələyə yanaşdıqda görə bilərik ki, burada da yenə dövlətimizin dost ölkə kimi iştirakı üçün böyük imkanları var. Ehtimal oluna bilər ki, sammitdə elə bu iki element- bərpa-quruculuq işləri, humanitar xarakterli addımlar gündəmdə olacaq. Digər sahələrdə də hansısa formada Azərbaycanın iştirakını görə bilərik. Amma hər şey artıq Qəzzada baş verən sülh prosesinin gedişatından asılıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası