Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi dövlət səfərinə hazırlaşır. Son üç ildə sayca yeddinci səfər zamanı iki ölkənin lideri Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, bu günə qədər gerçəkləşən səfərlərin hamısı birgə layihələr, sazişlər və təşkilati platformalarla nəticələnib.
2024-cü ilin martında Bakıda keçirilən Ali Dövlətlərarası Şuranın birinci iclasında 14 sənəd imzalanıb, bunlar təhsil, diplomlarının tanınmasından tutmuş, kosmos, KOB və enerjiyə qədər geniş sahələri əhaə edirdi.
Bu həftə Astanada keçiriləcək ikinci iclas isə həm siyasi, həm də iqtisadi gündəmi yeniləyəcək.
Modern.az-ın “Azərbaycandakı xarici ölkələr” layihəsinin budəfəki buraxılışı Qazaxıstana həsr olunur.
Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər son illərdə real əməkdaşlıq müstəvisində dərinləşib. Bu əlaqələr Xəzərin hər iki sahilində yeni iqtisadi və siyasi düzən formalaşdırır. Enerjidən logistika dəhlizlərinə, təhsildən mədəniyyətə qədər çoxşaxəli əməkdaşlıq iki ölkəni Orta Asiya-Cənubi Qafqaz xəttində əsas tərəfdaşlara çevirib.
İki ölkə Orta Dəhliz layihəsinin əsas operatorudur. Bu gün Qzaxıstanla ölkəmizin münasibətləri təkcə siyasi deyil, demək olar ki, bütün sahələri əhatə edir.
Hazırda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayeldir. Daha əvvəl Türkiyədə işləyən diplomat Azərbaycan dilində də danışa bilir.
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 10 minə yaxın qazax yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə isə keçən il Azərbaycana 86 min Qazaxıstan vətəndaşı gəlib.
Onlar əsasən turist kimi ölkəmizdə səfərdə olublar.
İqtisadi əməkdaşlıqda rekord qırılıb
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Məlumatlara görə, Azərbaycanda 200-dən çox Qazaxıstan mənşəli müəssisə qeyd alınıb. Əsas istiqamətlər enerji, kənd təsərrüfatı, nəqliyyat və metallurgiyadır.
Enerji sektorunda Qazaxıstan nefti üçün Transxəzər marşrutu (Aktau–Kuryk–Bakı–BTC) strateji əhəmiyyət qazanıb. 2023-də 1,4 milyon ton olan nəql həcmi 2024-də 1,8 milyona çatıb, növbəti il üçün plan 2,2 milyon ton, uzunmüddətli hədəf isə 5–7 milyon ton səviyyəsindədir. Qazaxıstanın Ələt limanında ortaq terminal tikintisi üzrə investisiya qərarı da Orta Dəhlizin rəqabət qabiliyyətini artırır. Eyni zamanda 2025-ci ilin payızında 700 milyon dollarlıq isti briketləşdirilmiş dəmir (HBI) zavodunun inşası razılaşdırılıb.
İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb.
2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.
Təhsil və mədəniyyət xətti
İki ölkə arasında təhsil və mədəniyyət sahəsində qarşılıqlı təsir “yumşaq güc” diplomatiyasının əsas dayağına çevrilib. 2024-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçirilib, 2025-dən etibarən hökumətlərarası təqaüd proqramları genişlənir. Bakıda Abay mərkəzi, Astanada isə Azərbaycan dili və mədəniyyətinə həsr olunmuş tədbirlər mütəmadi baş tutur.
Qazaxıstanın “Bolashak” proqramı da gənc azərbaycanlılar üçün regional akademik əməkdaşlıq imkanlarını artırır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edilir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi isə Qazaxıstan tərəfindən maliyyələşdirilib. Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
Qazaxıstan Azərbaycandan necə görünür?
Beləliklə, Azərbaycan cəmiyyətində Qazaxıstan coğrafi və münasibətlər baxımından ən yaxın və dost ölkə kimi qəbul olunur.
İki xalq arasında mədəni və tarixi paralellər, dillərin yaxınlığı, ortaq türk kimliyi səbəbindən Qazaxıstan çox zaman “qardaş ölkə” kimi anılır. Azərbaycanda Qazaxıstan barədə ictimai təsəvvürlər müsbətdir.
Xüsusilə Prezident Kasım-Jomart Tokayevin siyasi xətti, islahat yönümlü mövqeyi və Türk Dövlətləri Təşkilatında göstərdiyi fəallıq yüksək qiymətləndirilir.
Gənclər arasında Qazaxıstan “modern, sürətlə inkişaf edən türk dövləti” imici qazanıb. “Astana”nın urbanist inkişafı, “Bolashak” proqramı və rəqəmsallaşma təcrübəsi tez-tez müsbət nümunə kimi çəkilir.
Azərbaycan iş dünyasında Qazaxıstan daha çox etibarlı, lakin hələ də kəşf edilməmiş bazar kimi görülür. Enerji, logistika və aqrar sahədə əməkdaşlıqlar konkret nəticələr verir, amma biznes dairələri düşünür ki, bu əlaqələr hələ potensialının yarısına belə çatmayıb.
Siyasi səviyyədə isə Qazaxıstan Azərbaycanda təhlükəsiz, sabit və praqmatik tərəfdaş kimi qəbul edilir. Xalq arasında Qazaxıstanın neytral diplomatiyası, Rusiya və Qərb arasında balans siyasəti müsbət dəyərləndirilir.
Azərbaycandan baxanda Qazaxıstan böyük bir ölkə təsiri yaradır. Tarix, din, dil və mədəniyyət oxşarlıqları iki ölkə arasında təbii körpü formalaşdırıb.
Elnur Əmirov