İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır.
Ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edən xanım nazir səfərdən sonra Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından keçmək tələb olunub. Nazir isə bundan imtina edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, nazirlə hava limanının əməkdaşları arasında mübahisə yaranıb. Fərzanə Sadiqi əsəblə “bu hava limanının qapılarını da bağladacağam” deyə hədə-qorxu gəlib və sonda təyyarə ilə uçmaqdan imtina edərək Tehrana avtomobillə yola düşüb.
Növbəti gün hökumətin qərarı ilə Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib. Rəsmi açıqlamada bu qərarın “idarəetmə qiymətləndirməsi nəticəsində” verildiyi bildirilsə də, ictimaiyyət və deputatlar bu hadisəni nazirin davranışı ilə əlaqələndirirlər.
Modern.az-a danışan Güney Azərbaycan İcmasının rəhbəri Sayman Aruz bildirib ki, məhz Azərbaycandan qayıdandan sonra hadisənin baş verməsi, bunun sifarişli addım ola biləcəyindən xəbər verir:
“Çünki prezident Pezeşkianın komandası Azərbaycanla sıx əlaqədədir. Pezeşkianın komandasının hərkətlərindən onların səmimilik nümayiş etdirdiyini görürük. Mühafizəkar komandanın isə bu heç də xoşuna gələn hal deyil. Siyasi etika, protokol deyilən anlayışlar mövcuddur. Həmin protokolu da nəzərə alaraq, nazirin şəxsi çantasını axtarmaq olmaz. Amma onlar məqsədli şəkildə bu işi görüblər. Siyasi qalmaqalın yaranmasında hədəf nə olduğunu təxmin edirik. Məhz nəsə tapmaq, çantaya nəsə qoyub aşkarlamaq, şərləmək niyyətləri olub. Şükürlər olsun ki, həmin xanım buna imkan verməyib. Təbii ki, bir nazir olaraq, növbəti addımları atıb və hava limanının direktoru işdən azad edilib”.

Sayman Aruzun fikrincə bu kimi hadisələrin sayı artacaq:
“Xüsusilə də Azərbaycanla əlaqəsi olan adamlara qarşı bu kimi addımları gözləməliyik. Pezeşkian vasitəsilə Cənubi Azərbaycanda müəyyən yumşalmalara böyük ümid var, amma orada uzun müddət vəzifə tutan mühafizəkar kəsim, manqurtlaşan, həm də panfars təfəkkürünü özündə əsas götürən insanlar çoxdur. Onların müqaviməti ilə zaman-zaman qarşılaşacağıq. Bu hadisə özü də bir start oldu. Növbəti mərhələdə daha hesablı-kitablı hərəkət etməliyik. Hesab edirəm ki, vaxt gələr ki, bu hadisə Pezeşkianın özünə qarşı da ola bilər. Nazirin məsələsindən sonra Pezeşkianın cənab Ərdoğan və möhtərəm Prezident İlham Əliyevlə olan video və şəkillərini yayıb fars mediasında şantaj ediblər, Pezeşkian və onun komandasına böhtan atırlar. Çalışırlar ki, Pezeşkianı xain, satqın kimi göstərsinlər. Belə olan təqdirdə Pezeşkiana qarşı da bu cür aşağılayıcı, protokollara zidd, siyasi əxlaqdan uzaq addımlar atıla bilər. Mən hesab edirəm ki, bütün bu addımların hamısından öz xeyrimizə istifadə etməyi bacarmalıyıq”.