Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub ictimailəşib.
Məktubun mətninə görə, Mehdiyev ölkədə hakimiyyətin üç qolunun - qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti xüsusi “Dövlət Şurası” adlı quruma həvalə etməyi təklif edib.
Məktubda qeyd olunur ki, “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Ramiz Mehdiyev İrandakı sistemi Azərbaycana kopyalamaq istəyib:
"Ramiz Mehdiyev vaxtilə verdiyi məntiqsiz qərarlara öz “planı” ilə birinə də əlavə edib. “Dövlət Şurası” məntiqəziddir və heç bir özünə hörmət edən ölkədə bu cür struktur yoxdur. Bəlkə də, düşünüb ki, İrandakı sistemi Azərbaycana kopyalasın. İranda prezident də, parlament də var, amma konstitusiyaya görə üst qurum ali lider və ətrafıdır. Bu mexanizm İran üçün uğurlu olsaydı, vəziyyət bu gün orada ağır olmazdı. Artıq İranın özündə müzakirələr gedir ki, mövcud konstitusiya işə yaramır, parlamentin yüksək səlahiyyətləri olmalıdır ki, ölkədə islahatlar aparıla bilsin. Ramiz Mehdiyev İrandakı sistemi Azərbaycana kopyalamaq fikrinə düşübsə, o Azərbaycanda heç vaxt oturuşa bilməz.
İkinci təklifi də "Dövlət Şurası" ilə ziddiyyət təşkil edir. Bir tərəfdən təklif edir ki, üst qurum kimi Dövlət Şurası yaradılsın, digər tərəfdən də parlament respublikasının formalaşmasını istəyib. Yaxşı, Azərbaycan parlament respublikasına çevriləcək və Baş naziri parlament təyin edəcəksə, niyə "Dövlət Şurası" parlamentə nəzarət etməlidir? Baş naziri parlament təyin edəcəksə, onda "Dövlət Şurası" niyə parlamentə nəzarət etməlidir?
Parlament insanların səsi ilə seçiləcək, bəs "Dövlət Şurası"nı kim təyin edəcək?
Görünür ki, Ramiz Mehdiyev özünü "Dövlət Şurası"nın rəhbəri etmək, tərəfdarlarını da ora yerləşdirməklə, həm parlamentə, həm də Baş nazirə nəzarət etmək məntiqindən istifadə edib. Vaxtilə onun "Azərbaycan" qəzetində bir səhifəlik məqalələri olardı və onların heç birində məntiq olmazdı. Eləcə də, indiki ”planı” da bu şəkildə hazırlayıb".
Politoloq vurğulayıb ki, ən maraqlı məsələ Mehdiyevin "Dövlət Şurası"na kimlərin seçilməsi ilə bağlıdır:
"Yəqin ki, Ramiz Mehdiyev bu "şura"da öz adamlarını - vaxtilə Administrasiyada vəzifədə olanları, yaxud indi də kimlər qalıbsa, onları nəzərdə tutub. Parlamentin keçmiş və indiki üzvlərini də ora salmaq istəyib. Belələri də Azərbaycanda təəssüf ki, az deyil. Çünki Ramiz Mehdiyev Administrasiyada vəzifədə olduğu 24 ildə öz adamlarını müxtəlif strukturlara yerləşdirib. Onlar da həmişə Ramiz Mehdiyevin siyasətinə sadiq olub, ona yaltaqlanıblar.
Xatırlayıram, 2018-ci ildə mənim bir komitə sədri ilə mübahisəm olmuşdu. Komitə sədri iddia edirdi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmalıdır. Mən isə bunun əksini deyirdim ki, Azərbaycan işğalçı Ermənistana dəstək verən Rusiya ilə eyni hərbi blokda ola bilməz.
Mübahisəyə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı jurnalistin sualına verdiyi "Azərbaycan heç bir hərbi bloka üzv olmayacaq" cavabı son qoydu. Söhbət yığışdırıldı. Təklifi verənlər aydın idi ki, Ramiz Mehdiyevin və qurduğu şəbəkənin maraqlarına xidmət edir. Belələrini də "Dövlət Şurası"na salmaq istəyib".