Son zamanlara qədər Türkiyənin müəyyən radikal və marjinal çevrələrində Azərbaycanın Fələstin məsələsində guya “susqun” qalması, yaxud da İsrail tərəfdarı olması iddiaları ortaya atılırdı. Bunu heç bir halda təsadüfi hesab etmək olmaz.
Uzun müddətdir Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmaq istəyən qüvvələr özlərinə yeni mövzu axtarırdılar.
Həmin dairələr Fələstin məsələsini fürsət bilib bunun üzərindən qardaşlıq bağlarını zədələməyə çalışdılar.
Bu informasiya əməliyyatının arxasında radikal islamçılar, solçu çevrələr, erməni diasporu, eləcə də Rusiya yönümlü siyasi fiqurlar dayanır. Və bu informasiyanı yayanlar əslində Türkiyə düşmənləridirlər.
Onlar müxtəlif ölkələrdə fərqli adlar altında eyni məqsədə xidmət edirlər.
Türk dünyasının birliyini pozmaq, Azərbaycanla Türkiyəni bir-birinə qarşı qoymaq onların hədəfləri sırasındadır.
Amerika prezidentinin də iştirak etdiyi son Misir görüşündə Fələstin məsələsini son qoyuldu. Beləliklə, bu fürsət əldən çıxdı.
İndi isə yeni, tam yeni bir "musiqi aləti"nin səsi gəlir. İfaçı Doğu Perinçek adlı millət satqınıdır. Bu aləti bu siyasətçi necə ifa edirsə, səs musiqi alətindən deyil, siyasətçinin özündən çıxır. Belə şəxslər Türkiyənin üz qarasıdır. Kaş ki, qardaş ölkədə belə rəzillər olmasaydı...
Vətən Partiyasının sədri olan Perinçek belə bir məlumat tirajlayıb ki, guya Azərbaycan hökumətinə və Prezident Administrasiyasına məktub göndərib, 2025-ci ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan “Avropa Hahamları Konfransı”nın ləğv edilməsini tələb edib.
Tələb edib e… Adama sual versən ki, sən kimsən, kimin sifarişi ilə oynayırsan… Özünü millət fədaisi kimi təqdim edir.
Əslində bu ritorika, daha doğrusu Perinçek mahnısı yeni deyil.

Fotoda: Perinçek PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanla birlikdə
Bu adam illərdir Rusiya ilə İranın bölgədə istifadə etdiyi psixoloji təbliğat modelinin növbəti və köhnə, ifşa edilmiş nümunəsidir.
Müsəlman həmrəyliyi pərdəsi altında Türk dövlətlərinin qərbyönümlü siyasətinə qarşı yönəlmiş kampaninın aktiv tərəfidir.
Perinçeki bir az da yaxından tanıyaq.
O, 1970-ci illərdən Türkiyədə radikal sol hərəkatın öncüllərindən biri kimi tanınır. Dövrün sol hərəkatlarının əksəriyyəti kimi onun da Moskva ilə qopmaz ideoloji və maddi bağları mövcud olub. Bu əlaqələr təkcə ideoloji səviyyədə biruzə verməyib, əməli fəaliyyətlərdə özünü göstərib. Hətta SSR dağılıb, amma Perinçekin baxış bucağı, rus köpəyi statusu dəyişməyib. O, bu dəfə “anti-NATO”, “anti-Amerika”, “anti-Avropa” şüarları altında Rusiya və İran siyasətinə dürtülüb.
Görünən odur ki, Vətən Partiyası Rusiyanın müəyyən dairələri ilə körpü funksiyasını yerinə yetirir. Rusiyanın ideoloji mesajlarını Türkiyə cəmiyyətinə “milli mövqe” adı ilə ötürür. Perinçekin ailə əlaqələri və maliyyə mənbələri da bu istiqaməti təsdiqləyir.
Onun oğlunun Rusiyada yaşadığı, biznes fəaliyyəti ilə məşğul olduğu barədə dəfələrlə etibarlı mənbələrdə məlumatlar yayımlanıb. Bunu Türkiyə cəmiyyətində bilməyən yoxdur.
Eyni zamanda, Perinçekin rus politoloqları və media nümayəndələri ilə sıx təmasda olduğu da məlumdur. Yəni əlaqələr ideoloji müstəvidə də aydın görünür. O, mütəmadi olaraq Rusiya telekanallarında çıxış edir, Türkiyənin “NATO-dan çıxmalı” olduğunu, “Türkiyə Avrasiya İttifaqına qoşulmalıdır” fikirlərini təbliğ edir.

Fotoda: Perinçek Rusiyanın "baş ideoloqu" Duginlə birlikdə
Bu baxışlar Moskvanın maraqlarına tam uyğundur. Yəni Perinçek Rusiya və İranın bölgədəki zurnasıdır. İndi bu rus köpəyinin Azərbayacana tərəf hürməsi öz-özünə deyil. Azərbaycan son illərdə həm Türk dünyasının siyasi mərkəzinə, həm də enerji təhlükəsizliyi strategiyasının əsas oyunçusuna çevrilib.
Bakı-Tbilisi-Ceyhan, TANAP, Zəngəzur dəhlizi kimi layihələr Qərb və Türk dövlətlərini birləşdirir. Etiraf etməsələr də bu, Rusiya və İranın geosiyasi orbitinə zərbə vurur.
Əlbəttə ki, belə bir şəraitdə Azərbaycanın İsraillə əməkdaşlığı və Qərb texnologiyalarına inteqrasiyası bu binəvanı oynadan güclərin narahatlığına səbəb olur.
Ona görə də bu əməkdaşlıq “Fələstin məsələsi” iflasa uğrayandan sonra yəhudi bəhanəsi ilə hədəfə alınır. Əslində Azərbaycan Fələstin dövlətinin müstəqilliyini və hüquqlarını daim dəstəkləyib.
Bu, BMT qətnamələrinə və rəsmi bəyanatlara da əsaslanır. Amma reallığı təhrif edənlər üçün faktların əhəmiyyəti yoxdur. Perinçek üçün fakt lazım deyil, pul-para lazımdır.
Doğu Perinçek kimi fiqurların məqsədi tam aydındır. Onlar Türkiyə ilə Azərbaycan arasında süni fikir ayrılığı yaratmaqda israrlıdırlar.
Bu xətt həm siyasi, həm də ictimai şüur səviyyəsində həyata keçirilir. Türkiyədə bəzi “müxalif” çevrələr Azərbaycanı tənqid edəndə Rusiyapərəst media dərhal bu fikirləri gücləndirir və tirajlayır.
Doğu Perinçekin çıxışları Rusiya mediasında geniş şəkildə yayımlanır. Kremlə yaxın analitiklər onu “Türkiyədə anti-NATO səsi” adlandırırlar. Hətta Rusiyanın bəzi kanalları onu “Türkiyə ilə Moskva arasında dostluq körpüsü” kimi təqdim edir. Əslində isə bu, Türk birliyinə qarşı körpüdür.
Perinçek və onun kimiləri üçün “Türk dünyası” anlayışı Rusiyanın nəzarəti altında bir Avrasiya blokuna çevrilməlidir. Bu isə nə Azərbaycan, nə Türkiyə, nə də Orta Asiya dövlətlərinin maraqlarına uyğundur. Türkiyədə bu nadana dəstək olanlar Türkiyənin əleyhinə iş gördüklərinin fərqində olmalıdırlar.

Odur ki, Doğu Perinçekin yaydığı məktubu koordinasiyalı təxribatın tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Çünki hədəf Azərbaycan-Türkiyə münasibətlərinin strateji təməllərinə zərbə vurmaqdır.
Bu təxribat din pərdəsi altında milli birlik ideyasını sarsıtmaq, regional nüfuz yarışında Bakının beynəlxalq tədbirlərə ev sahibliyini “mənfi çərçivə” ilə gözdən salmaq, dini toplantını siyasi çərçivəyə çəkib təzyiq altında saxlamaq məqsədi daşıyır.
Unutmayaq, bu gün Perinçek Bakını hədəf alırsa, sabah Ankaranı da eyni ritorika ilə vuracaq.
Çünki bu siyasətin mahiyyəti Türk birliyini dağıtmaq, Türk dövlətlərini müstəqil qərar verməkdən çəkindirməkdir.
Azərbaycan və Türkiyə bu gün strateji müttəfiqlik zirvəsindədir. Perinçek kimi maşalar bu birliyi sarsıda bilməz. Çünki bu birlik tarix və gələcək üzərində qurulub. Sadəcə, qardaş Türkiyədə bu kimi nadanlara yer olmamalıdır.
Elnur ƏMİROV