Modern.az

Zəfər diplomatiyası - Azərbaycanın xarici siyasət fəlsəfəsi dəyişdi

Zəfər diplomatiyası - Azərbaycanın xarici siyasət fəlsəfəsi dəyişdi

Analitika

11 Noyabr 2025, 14:46

Azərbaycan dövləti və xalqı 2020-ci ildə qazandığımız şanlı qələbənin 5-ci ildönümünü qeyd edir. 

8 Noyabr Azərbaycanın diplomatik müdrikliyinin, strateji səbrinin və milli iradəsinin qələbəsidir. Vətən müharibəsində əldə olunan parlaq qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, lakin bu qələbə yalnız cəbhə xəttində deyil, diplomatik masada da qazanıldı.

Zəfər döyüş meydanında cəsarətin, beynəlxalq arenada isə siyasi uzaqgörənliyin simvoludur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Zəfər hər şeyi-ölkənin, regionun, geniş mənada dünyanın simasını dəyişib:

“Zəfər, sanki, beynəlxalq münasibətlərin yeni tərzdə, formada başlamasına start verən tarixi hadisə oldu. Heç təsadüfi deyil ki, Şarm Əl-Şeyx-də keçirilən Yaxın Şərqdə Sülh konfransında bütün dövlət başçıları, aparıcı siyasi fiqurlar, o cümlədən cənab Tramp cənab Prezident İlham Əliyevə xüsusi münasibət bəsləyirdlər. Cənab Uitkoff Azərbaycan liderini çox müdrik siyasətçi adlandırdı və dedi ki, o, hər şey edə bilərdi, orduya  qabağa getməsi üçün əmr də verə bilərdi, ancaq o, dayandı. Cənab Prezident "bizdən alınanı geri qaytarmaq istəyirdim, əlavə nəsə lazım deyil" deyib. Bu böyük müdriklik, düzgün  yanaşma, beynəlxalq qanuna hörmət dünyanı faktiki  valeh etdi. Bu heç də təsadüfi deyil. Bu gün belə yanaşmanın dünyada azaldığını görürük. Görürük ki, beynəlxalq qanuna hörmət yoxdur, artıq tamahlıq ölkələri məhv edir, öz torpaqları olduğu halda, başqa torpaqlara iddialı olmaq və sair məsələlər həm ölkələrin özlərini, həm də digərlərini çox çətin  duruma salır. Bax, bu fəlsəfənin hamısının üstündən xətt çəkən Azərbaycan bu gün dünyaya nümunədir. Heç bir dövlət, məmləkət belə mütləq Zəfər qazanmamışdı, biz qazandıq. Qazandıq ona görə ki, tamamilə  başqa fəlsəfə ilə dünyada gedən proseslərə baxdıq. Bu fəlsəfə dünya tərəfindən qəbul olunur, nəzərə alınır və öyrənilir”.

Komitə sədri vurğulayıb ki, Zəfərdən sonra diplomatiyamızın prioritetləri də dəyişib:

“Qələbəyə qədər xarici siyasətimizin prioritetləri tamamilə fərqliydi. Qarabağın azad olunması, dünyadan dəstək almaq, separatizmin beynəlxalq qanuna zidd olmasının dünya tərəfindən qəbul olunmasına nail olmaq idi. Ancaq indi xarici siyasətin əsas prioritetləri-sülh, inkişaf, tərəqqi,  Azərbaycanı yüksəltmək, Azərbaycanı dünyanın logistika, kommunikasiya, ünsiyyət və digər sahələrdə mərkəzə çevirməkdir. Bu istiqamətdə daha böyük uğurlar olacaq. Ona görə ki, biz düz yoldayıq.

Azərbaycan artıq öz davranışı, mövqeyi ilə hər bir konfransda, təşkilatda, təşəbbüsdə problemi yaradan yox, həll edən, özü üçün yardım istəyən yox, başqalarına yardım edən, özünü nəyinsə qurbanı kimi təqdim edən yox,  qurbanlara kömək edən, ədaləti bərpa edən ölkəyə çevrilib, bu, qürurverici bir məsələdir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə vurğulayıb ki, Zəfərin dünyaya tanıdılmasında diplomatiyanın çox böyük rolu olub:

“Bunu hətta Türkiyənin prezidenti də qeyd edib ki, Azərbaycan və onun dövlət həm hərbi, həm də diplomatik baxımdan zəfərə nail olub. Bu çox vacib bir fikirdir. Əlbəttə, biz başa düşürük ki, qələbəmiz ilk növbədə müzəffər ordumuzun, şəhidlərimizin fədakarlığı sayəsində əldə olunub. Amma bu Zəfəri dünyada tanıtmaq üçün siyasi və diplomatik işlər də çox vacib idi. Hətta müharibə vaxtı və ondan sonra, Ermənistanın məğlub olsa da, bir çox məsələlərə iddialı idilər. Məsələn 2023-cü ilə qədər az qala Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərdə Azərbaycandan ayrı, yarımmüstəqil qurum yaratmaq istəyirdilər. Bunun qarşını almaq üçün Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarda, həm də ikitərəfli münasibətlərdə çox ciddi addımlar atılıb. Bu çox böyük və mühüm işiydi və öz nəticəsini verə bilib. Beləliklə də, Azərbaycan tam olaraq öz əraziləri üzərində suverenliyini bərpa edib. Digər tərəfdən Zəfərdən sonra Cənubi Qafqazda yeni bir geosiyasi reallıq yaranıb. Yəni Azərbaycanın mövqeyi bir dövlət kimi güclənib, ölkəmiz ciddi regional geopolitik oyunçuya çevirilib. Onun uğurunu qəbul etmək istəməyənlər vardı. Müxtəlif siyasi mərkəzlərdə bizə müəyyən təzyiqlər olmuşdu. Bu təzyiqlərin hamısına tab gətirə bildik. İndi ölkəmiz tam şəkildə öz müstəqil, suveren siyasətini həyata keçirir”.

T.Zülfüqarov söyləyib ki,  Azərbaycan bu gün bir çox  regional və transregional layihələrin çox vacib iştirakçısı kimi özünü təqdim edir:

“Yəni beynəlxalq məsələlərdə də, dünyanı narahat edən mövzularda da Azərbaycan çox fəaldır. Artıq Azərbaycan həm regionda, həm də dünya səviyyəsində  bəzi məqamlarda özünü təqdim etməyə qadirdir. Bu istiqamətdəki məsələlər üzrə  uğurlu addımlar atılıb. Zəfərin 5-ci ildönümünü Azərbaycan bir dövlət olaraq çox yüksək səviyyədə qeyd edir. Azərbaycan xalqının, dövlətinin bu qələbəsi hesab edirəm ki, Azərbaycanın ən vacib bayramlarından biridir. Bu təkcə işğalçıdan torpaqların azad edilməsinə görə deyil, məhz ona görə ki, artıq Azərbaycanın bir dövlət, xalq olaraq yeni mentaliteti göz qabağındadır. Biz vətəndaşlar olaraq gələcəyə çox böyük ümidlərlə baxmağa  qadirik və hazırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı