Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçrilən parad bir sıra məqamlarla yadda qaldı.
Zəfər paradında Türkiyə və Pakistanın ən üst səviyyədə təmsil olunması, Birləşmiş Ərəb Əmirliklərindən yüksək rütbəli qonağın iştirakı göstərdi ki, Azərbaycanın yanında dayanmağa hazır olan güclü müttəfiqləri var.
Bu parad həm də Azərbaycanın Cənubi Qafqazda dominant ölkə statusunu faktiki olaraq təsdiqlədi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parad zamanı səsləndirdiyi fikirlər yəqin ki, Ermənistandakı revanşist dairələrə çox ciddi xəbərdarlıq oldu:
"Ermənistan düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər".
Türkiyə lideri Ərdoğanın Qarabağın azadlığını “bütün Türk dünyası üçün qürur mənbəyi” adlandırması, bu qələbənin hansı strateji və mənəvi əhəmiyyət daşıdığını bir da dünyaya və qonşu dövlətlərə göstərdi.
Şahbaz Şərifin isə Pakistanın Azərbaycanla “çiyin-çiyinə” dayandığını vurğulaması üç dövlət arasında mövcud olan hərbi və siyasi birliyin möhkəmləndiyini nümayiş etdirdi.
Şübhəsiz ki, Azadlıq meydanındakı Zəfər paradı İrəvanda da izlənildi. Yəqin ki, Ermənistan iqtidarı və müxalifəti paraddan verilən mesajlardan öz payını götürməmiş deyil
Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlamasında Zəfər paradının Ermənistana verdiyi mesajlardan danışıb.
Obildirib ki, Bakıdakı hərbi parad bir daha Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirib:
"Müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan daim təhlükəsizlik və müdafiə məsələlərini prioritet olaraq gündəmdə saxlayır. Ordumuzun ildən-ilə təminat və təchizatına yeni silah sistemləri daxil edilir. Məhz bu təminat və təchizat sayəsində indi Azərbaycan öz torpaqlarını istənilən təhdidlərdən ən yüksək səviyyədə qorumaq, düşməni isə zərərsizləşdirmək potensialına malikdir. Azərbaycan öz döyüş potensialını bütün dünyaya nümayiş etdirməklə müttəfiqləri ilə birlikdə dünyaya mesaj verdi ki, kimsə bizi təhdid etməyə, hərbi müdaxilə üsulundan istifadəyə cəhd göstərməsin!".
Ekspert vurğulayıb ki, Türkiyə kimi dünyanın ən güclü müdafiə potensialına malik ölkənin dövlətimizin mövqeyini dəstəkləməsi, qardaş ölkənin Prezidentinin rəsmi olaraq paradda bunu bəyan etməsi, Azərbaycana qarşı fəaliyyət göstərən ölkələrə kifayət qədər ciddi mesajlar verib:
"Yəni bu göstərdi ki, Azərbaycan güclü dövlətdir, onunla təhdid dilində danışmaq çox təhlükəlidir, eləcə də qələbəmizlə regionumuzda yeni konfiqurasiya yaratmışıq, eyni zamanda Ermənistanı da separatçı boyunduruqdan xilas etmişik. Parad bir daha Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbəni, onu əldə edən Silahlı Qüvvələrimizin torpaqlarımızın təhlükəsizliyi üçün istənilən təhdidə hazır olduğunu nümayiş etdirdi. Azərbaycanla dostluq etmək olar. Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. Bu, Ermənistan və orada mövcud olan revanşist qüvvələrə kifayət qədər aydın mesaj idi".