Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan 20 nəfər hərbçinin hamısı şəhid olub.
Qəzadan sonra müxtəlif şərhlər, açıqlamalar verilir.
Qəzanın səbəbləri barə fərqli ehtimallar, versiyalar səsləndirilir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Yıldrım Tuğrul Modern.az-a açıqlamasında bildirib ki, dərhal hər hansı nəticələrin üzərində dayanılması doğru deyil:
“Dünəndən bəri dilə gətirilən fikirləri, şərhləri mən də izləyirəm. Bəziləri deyir ki, təyyarənin burnu və ya arxası qopdu, hər hansı bir hücum ehtimalı üzərində dayanılır. Amma bu məsələlərdə dərhal hər hansı nəticənin üstündə dayanılması düzgün deyil. O baxımdan mən azacıq səbirli olub, cənazələrimizə sahib çıxıb, şəhidlərimizin dəfni ilə maraqlanılmasını vacib sayır, qəzanın səbəbləri və nəticələri barədə danışmağın sonraya saxlanılmalı olduğunu düşünürəm”.

Deputat pilotların niyə paraşütlə təyyarədən atlanmadıqları barədə söylənilən fikirlərə belə cavab verib:
“O anı yaşamayan insanların isti yerlərdə əyləşib fikir bildirməsi doğru deyil. Onlar vətənlərinə qayıdırdılar, təyyarədən tullanmağa hazır idilərmi ki?! Hamısı Türk Silahlı Qüvvələrinin çox yaxşı yetişmiş hərbçiləriydi. O baxımdan hökm verməyi düzgün saymıram. Bu işi gözləyək. Əsas nələr tapılacaq onu gözləyək, sonra bunu şərh edək”.
Türkiyəli hərbi ekspert Abdullah Ağar qəza ilə bağlı bir sıra ehtimalları sadalayıb:
“Hamı öz nöqteyi-nəzərindən hadisəyə çərh verməyə çalışır. Bununla bağlı keçmişə baxdıqda təbii ki, pilotaj xətasından bəhs etmək olar. Digər yandan, texniki nasazılıqdan, xarici müdaxilədən, yəni hava durumunun təsirlərindən, hər hansı bir hücumdan və sabotajdan da danışmaq olar. Bunlardan hansının qəzaya səbəb olduğunu bilmirik. Lakin belə bir həqiqətin, yəni C-130 tipli hərbi nəqliyyat təyyarəsinin güvənli olduğunun fərqindəyik. Məhz bu səbəbdən dünya ordularında bu təyyarədən istifadə edilir və indiyədək C-130-dan 2500 ədəd istehsal edilib. ABŞ ordusu o təyyarələrdən müxtəlif taktiki formalarda istifadə edir. Bu nöqteyi-nəzərdən məsələyə yanaşdıqda, belə bir təyyarənin bu cür havada parçalara ayrılaraq, düşməsi ağıla bir sıra şübhələr gətirir. Təyyarənin şəxsi heyəti olduqca güclü idi. Açığı, mən pilotaj xətasına ehtimal vermirəm. Səhv yükləmə olduğu ilə bağlı da fikirlər irəli sürülür ki, buna da mən inanmıram. Çünki bunun həyatlarına təhlükə törədəcəyini çox yaxşı bilirdilər. Texniki nasazlıq mümkündür. Yanacaqla bağlı nasazlıq, partlama daha güclü ehtimaldır. Təyyarənin daxilində texniki nasazlıq və ya hər hansı istiqrarsızlaşan partlayıcı ucbatından partlayış olma ehtimalı ağıla gəlir”.

Abdullah Ağar xaricdən müdaxiləyə daha çox ehtimal verdiyini söyləyib:
“Digər yandan, mənim ağlıma gələn ehtimal xaricdən bir müdaxilədir. Hava Hücumundan Müdafiə Sistemləri, kamikadze dronlar və ya raketlərdən hücum edilməsi mümkün ehtimaldır. Biriləri belə bir cümlə qurdu ki, ruslar Ukrayna təyyarəsi hesab edib vurmuş ola bilər. Lakin bu, çox kiçik ehtimaldır. Belə bir geopolitik cəhətdən gərgin situasiyada mən siyahıda rusları ən son sıraya qoyaram. Amma başqalarını ilk sıraya qoya bilərəm. Məsələn, Türkiyənin Qarabağ müharibəsində Azərbaycanla işbirliyi rolundan və ya hazırkı siyasi konyekturadan məmnun olmayan bir sıra erməni radikal qruplar bu işi həyata keçirmiş ola bilərmi? Ehtimal kimi ağıla gəlir. Cənubi Qafqazda yaxın keçmişdə bir çox mücadilələr zamanı müəyyən boşluqlar səbəbindən təyyarələr qəzaya uğradılar. Ayıq olmalıyıq. Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıqdan narahat olan, bu prosesləri manipulyasiya etmək istəyən bəzi ölkələr də bu işin arxasında dayanmış ola bilər. Ad verməyəcəm, amma bir çox ehtimallar var”.
Müsahibimizin pilotların paraşütlə təyyarətdən tullanmaması ilə bağlı söylənilənlərə cavabı isə belə olub:
“Gürcüstan rəsmilərinin təcili çağırış olmadığı ilə bağlı məlumatı var. Pilotlar gözlənilməz bir durumla qarşılaşıblar. Ona görə də təcili çağırış edə bilməyiblər. Təyyarənin endiriləcəyi ərazilərlə bağlı məlumat verməliydilər. Belə bir şey olmadı. Fövqəladə vəziyyət yarandı və təyyarə bu şəkildə yerə düşdü. Bunun arxasındakı iradəni sorğulayırıq. Belə olan halda iş daha da qarışıq hal alır. Məsələ o qədər dərinə enir ki... Məsələn, sizin sərnişin təyyarənizi vurdular. Bu Rusiya ilə Azərbaycan arasındakı münasibətlər üçün təməl referans olub. Bu da belə bir şeydir. Ona görə manipulyasiyaya qarşı çox diqqətli olmaq lazımdır. Biriləri sizinlə bir ölkənin əlaqələrini pozmaq istəyirsə, göz dağı vermək üçün belə bir addım atmış ola bilər”.