Ukraynanın paytaxtı Kiyevdə yerləşən Azərbaycan səfirliyi növbəti dəfə Rusiya hücumunun hədəfinə çevrilib.
Noyabrın 14-də gecə saatlarında şəhərə hücum zamanı “İsgəndər” tipli raketdən biri səfirliyin ərazisinə düşüb.
Partlayış diplomatik nümayəndəliyin hasarını dağıdıb, inzibati bina, konsulluq şöbəsi və xidməti avtomobillər ciddi zərər görüb. Xoşbəxtlikdən hadisə tələfatla nəticələnməyib.
Ancaq bu Rusiyanın Azərbaycanın diplomatik nümayəndəliyini, həmçinin obyektini vurduğu ilk hadisə deyil.
2022-ci ilin mart ayında Azərbaycanın Xarkovdakı konsulluğunun binası hava hücumu zamanı dağıntılara məruz qalıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Rəsmi açıqlamaya görə, Azərbaycan Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edib. Ancaq Azərbaycanın diplomatik nümayəndəliklərinin hədəfə alınması dayanmayıb.
Ötən ilin yanvar ayında Rusiya tərəfindən atılan “Kinjal” raketi səfirliyin cəmi 35 addımlığında 3 metrlik krater yaradıb. Partlamamış sursatın aşkar olunması diplomatik heyətin həyatını son anda xilas edib.
Bu ilin avqust ayında isə Kiyevdə səfirlikdən 50 metr aralı endirilən hava zərbəsi nəticəsində səfirin rezidensiyası, inzibati bina və konsulluq şöbəsi zədələnib.
8 və 18 avqust tarixlərində isə Odessada SOCAR-ın neft bazası iki dəfə dron hücumuna məruz qalıb, işçilər xəsarət alıb.
Bu ardıcıllıq Azərbaycanın diplomatik və iqtisadi hədəflərinə qarşı hücumların sistemli xarakter daşıyıb-daşımadığı sualını gündəmə gətirir.

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın təqdim etdiyi koordinatların nəzərə alınacağına dair təsdiq versə də, hücumlar dayanmayıb. Səfirlik və konsulluq binalarının yaxınlığına düşən zərbələrin artması artıq sırf texniki səhv və ya “müharibənin təsadüfi nəticəsi” versiyasını zəiflədir. Müharibə zonalarında diplomatik obyektlərin koordinatlarının təqdim edilməsi məhz risklərin qarşısını almaq üçündür və bu koordinatlara riayət edilməməsi beynəlxalq hüquqi öhdəliklərin pozulması kimi qiymətləndirilir.
Ardıcıl raket və dron zərbələrinin zamanlaması göstərir ki, Azərbaycanın diplomatik və iqtisadi obyektlərinin vurulması artıq təsadüfi insidentlər kimi dəyərləndirilə bilməz.
Bir ilə yaxın davam edən gərginlikdən sonra Bakı–Moskva xəttində nisbi yumşalma müşahidə olunurdu. Lakin diplomatik missiyanın hədəfə alınması münasibətlərin məhz hansı istiqamətə getdiyi barədə anlaşılmazlıq yaradır. Belə zərbələr nə siyasi məntiqə, nə də ikitərəfli münasibətlərdə formalaşmış son həssas balanslara uyğun gəlir.
Rusiya tərəfinin “koordinatlar nəzərə alınacaq” vədindən sonra belə hücumların davam etməsi Bakının narahatlığını artırır və yaranmış vəziyyət tərəflərin qarşılıqlı etimad mühitinə ciddi xələl gətirir. Bakı Moskvadan açıq qalan suallara cavab gözləyir...
Elnur Əmirov