Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilmiş qərar son illərin ən əhəmiyyətli diplomatik nəticələrindən biri oldu.
Belə ki, Azərbaycan rəsmi olaraq regional inkişafın ən həssas və strateji əhəmiyyətli məsələlərinin müzakirəsi üçün səmərəli format kimi çıxış edən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov qeyd Modern.az-a deyib ki, bu qərar təsadüfi deyil:
"Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə əlaqələri qarşılıqlı hörmət, praqmatizm və strateji etimada əsaslanan tərəfdaşlığı inkişaf etdirən uzunmüddətli xarici siyasətin birbaşa nəticəsidir. Onun rəhbərliyi altında Azərbaycan tranzit ərazisindən bütün regionun iqtisadiyyatını və təhlükəsizliyini formalaşdıran marşrutlara, qərarlara və proseslərə təsir göstərə bilən tamhüquqlu regional aktora çevrilib".
Deputatın sözlərinə görə, qəbul olunmuş qərarla Mərkəzi Asiya dövlətlərinin liderləri Azərbaycanın Orta Dəhlizin inkişafına, Avrasiyanın enerji arxitekturasına və regionun siyasi sabitliyinə verdiyi töhfənin əvəzolunmaz olduğunu təsdiqləyiblər.
K.Bayramov həmçinin bildirib ki, ölkəmiz artıq gələcək regional siyasətin formalaşdırıldığı formatda iştirak edə bilir:
"Bu, ticarət və logistikadan tutmuş təhlükəsizlik məsələlərinə və humanitar təşəbbüslərə qədər daha dinamik əməkdaşlıq üçün imkanlar açır və sadəcə diplomatik uğur çərçivəsindən kənara çıxır. Daşkənd qərarı uzaqgörən liderliyin və yeni Avrasiya arxitekturasında Azərbaycanın artan çəkisinin təsdiqinin nəticəsidir".