Modern.az

CHP-nin “kiçik qardaş”ının Azərbaycan “sevgisi”

CHP-nin “kiçik qardaş”ının Azərbaycan “sevgisi”

Analitika

18 Noyabr 2025, 16:59

Şimali Kipr Türk Cümhuriyyəti mediasında, xüsusilə də Cumhuriyetçi Türk Partiyasınanın (CTP) rəsmi orqanı kimi tanınan Yeni Düzen Media Qurumunda Azərbaycanla bağlı yayılan məqalə siyasi dairələrdə ciddi rezonans doğurub. 

Yazının guya “Reuters” agentliyinə istinad etdiyi iddia olunsa da, təqdim olunan məlumatların mənbəyinin etibarlılığı sual altındadır. Digər tərəfdən, Azərbaycana qarşı qərəzi ilə tanınan “Reuters”in Azərbaycanla bağlı materialı Kipr mediasında necə yer ala bilər. Ona görə də bu material Azərbaycanla Şimali Kipr münasibətləri fonunda məqsədli informasiya əməliyyatı kimi qiymətləndirilir.

Məsələnin daha dərin analizi göstərir ki, yayılan yazı Kiprin siyasi xəritəsində ideoloji və geosiyasi çarpışmaların yeni mərhələsinin tərkib hissəsi də ola bilər.

Yeni Düzen qəzeti və saytı uzun illərdir Cumhuriyetçi Türk Partiyasının rəsmi media tribunasına yaxın orqan kimi tanınır. CTP isə Kipr türkləri arasında “federasiya tərəfdarı”, sol mərkəzçi mövqeyi ilə seçilir. CTP paralel olaraq CHP-nin kiçik qardaşı kimi qəbul edilir. Heç olmasa CHP kiçik qardaşını başa sala bilərdi. Görünür, böyük qardaş mövqeyini kiçik qardaşı vasitəsilə tirajlayır. Azərbaycanla münasibətlərin soyuması Kiprdə kimlərə kar edir sualına cavab da CTP mövqeyidir. Əslində bu mövqe Türkiyə düşmənçiliyidir. 

CTP-nin siyasi xəttinin əsas xüsusiyyətləri federasiya modelinin dəstəklənməsi, “Kıbrıslılık kimliyinin” vurğulanması,  Türkiyənin regiondakı siyasətinə ehtiyatlı yanaşma və CHP ilə yaxın ideoloji əlaqələr istiqamətində inkişaf etdirilir.

Bu xüsusiyyətlər Yeni Düzen-in redaksiya siyasətində də özünü göstərir. Araşdırmalar göstərir ki, bu media qurumu zaman-zaman Şimali Kiprin Türkiyə və Türk dünyası ilə yaxınlaşmasını arzuolunmaz proses kimi təqdim edib. 

CTP bundan əvvəl hakimiyyətdə olduğu dövrlərdə partiyanın tanınmış simaları Kutlay Erk və həyat yoldaşı Emine Çolak fərqli zamanlarda daxili işlər naziri vəzifələrində çalışıblar. Çox geniş müzakirə olunan məsələlərdən biri də onların vaxtilə Xankəndiyə getmək və ŞKTC-dəki idarəetmə modelini təqdim etmək istəkləri ilə bağlıdır. Bu məsələ Azərbaycan tərəfindən yerindəcə boğulmuşdu. Bu faktdan sonra nəyisə demək, göstərmək, izah etmək artıqdır. Görünür bu qüvvələr xəyanətlərinin ifşa olunması faktını hələ də unuda bilməyiblər.

Son illər Azərbaycan ilə Şimali Kipr arasında əlaqələr nəzərəçarpacaq dərəcədə güclənib.

Əsas istiqamətlər Azərbaycan Prezidenti İlham Əliyevin ŞKTC-nin TDT-də tamhüquqlu üzvlük təşəbbüsünü açıq şəkildə dəstəkləməsi, Azərbaycan rəsmilərinin ŞKTC-yə qarşı beynəlxalq təcridin yumşaldılmasına dair mesajları və ŞKTC rəhbərliyinin Azərbaycanla əlaqələrin “strateji önəm daşıdığı” barədə açıqlamalarıdır.

Bütün bunlar Kipr türkləri arasında müsbət rezonans doğurub. ŞKTC cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanı çox önəmli, Türkiyədən sonra ən birinci dəstəkçi kimi görür.

Məhz belə bir şəraitdə Azərbaycan əleyhinə yayılan məlumat təsadüfi görünmür.

Yayılan məlumatlar göstərir ki, bu media qurumu Kiprin yeni hakimiyyətinə ən yaxın media qurumları sırasında qiymətləndirilir. Bu hakimiyyət dairələri federasiya tərəfdarı, sol yönlü siyasi xəttə malikdir və ənənəvi olaraq Türkiyənin regiondakı təsirindən ehtiyatlanırlar.

Araşdırmanın nəticələri göstərir ki, bu dairələr Azərbaycan-ŞKTC yaxınlaşmasını zəiflətməyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı yavaşlatmağı, Türkiyənin Şimali Kipr üzərində siyasi təsirini azaltmağı özlərinin uzunmüddətli ideoloji hədəflərinin sırasına daxil edib. Yeni düzəndə yayılan yazını “daxili siyasi ideologiyanın regional kontekstə transferi” kimi qiymətləndirirlər.

Məqalədə “Reuters”-ə istinad edildiyi bildirilsə də, yayılan məlumatın faktoloji uyğunluğu aydın deyil. Bu, ciddi informasiya manipulyasiyasına işarə edir.

Bu cür hallarda iki məqsəd ola bilər, ya məlumatı beynəlxalq etibarlı mənbənin adı ilə legitimləşdirmək, ya da yerli ictimaiyyətdə Azərbaycana qarşı şübhə mühiti yaratmaq.

Bu isə media etikasının sərt pozuntusu olmaqla yanaşı, siyasi məqsədli “dezinformasiya əməliyyatı” kimi də qiymətləndirilir.

Azərbaycan-ŞKTC münasibətləri yüksələn xətt üzrə inkişaf edir. TDT çərçivəsində ŞKTC-nin statusunun yüksəldilməsi gündəmdədir. Azərbaycan və ŞKTC arasında qarşılıqlı rəsmi səfərlər intensivləşib. Türk dünyası daxilində geosiyasi əməkdaşlıq dərinləşir. Azərbaycanın Cənubi Qafqazda mövqeyi güclənib.

Bu fonda Azərbaycan əleyhinə informasiya hücumunun ortaya çıxması, ekspertlərin fikrincə, münasibətlərin yüksəlişinə qarşı cavab reaksiyası xarakteri daşıyır.

Təhlillər deyir ki, Azərbaycanla ŞKTC arasında münasibətlərin yaxşılaşmasına Kiprdə insanların əksəriyyəti müsbət yanaşır.

Yeni Düzen isə Kipr türklərinin ümumi iradəsini əks etdirmir. Yayılan material daha çox müəyyən siyasi qrupların ideoloji mövqelərinin nəticəsidir.

Yayılan material, mənbə seçimi, siyasi kontekst və zamanlama amilləri onun məqsədli informasiya kampaniyası olduğunu göstərir. Azərbaycan-ŞKTC münasibətlərinin son dövrdə yüksəlişi bəzi siyasi dairələrdə rahatsızlıq doğurur və bu da mediada manipulyativ yazılar şəklində özünü göstərir.

Və nəhayət, bu yazı Kipr türklərinin ümumi mövqeyini əks etdirmir. Belə məqamlar Azərbaycan-ŞKTC münasibətlərinə ciddi təsir etmək gücündə deyil. Əksinə, siyasi motivli informasiyaların ifşası əməkdaşlığın daha şəffaf və möhkəm əsaslar üzərində qurulmasına xidmət edir.

Sevinc MƏHƏRRƏMOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu